Ölkəmizdə gənc liderlərin və intellektual potensiala malik kadrların aşkar edilməsi, onların dövlət idarəçiliyinə cəlb olunması istiqamətdə keçirilən “Yüksəliş” müsabiqəsinin idarəçi tərəfdaşları qaliblərlə işgüzar əlaqələrin qurulmasını davam etdirir.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri İrşad Əsgərxanlı və Qoşqar Daşdiyev ilə rəsmi görüş keçirib.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı Xidmət rəisi Vəli Quliyev qalib gəlmiş gənc idarəçiləri qazandıqları bu mühüm uğur münasibətilə şəxsən təbrik edib və onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Görüşün əsas müzakirə mövzularından biri dövlət qurumunda tətbiq olunan yeniliklər olub. Xidmət rəisi gənc kadrları aşağıdakı istiqamətlərdə geniş məlumatlandırıb: Son illərdə ölkədə əmək münasibətlərinin tənzimlənməsi sahəsində atılan mühüm addımlar; Əməyin mühafizəsi sahəsində həyata keçirilən köklü struktur və funksional islahatlar; Mövcud əmək qanunvericiliyinə edilən ən son dəyişikliklər və onların hüquqi əsasları; İş prosesində bürokratiyanın azaldılması və şəffaflığın artırılması məqsədilə tətbiq olunan rəqəmsal həllər, elektron platformalar.
Müsabiqə qalibləri də öz növbələrində göstərilən diqqətə görə təşəkkür edərək, idarəçilik sahəsindəki müasir biliklərini ölkənin əmək bazarının inkişafı istiqamətində tətbiq etməyə hazır olduqlarını bildiriblər.
Ruslan MƏMMƏDOV
