Azərbaycan mədəniyyəti və təsviri sənətinə ağır itki üz verib. Ömrünü rənglərin dünyasına və milli sənətimizin inkişafına həsr etmiş görkəmli fırça ustası, zəngin yaradıcılıq irsi qoyan tanınmış heykəltaraş son mənzilə yola salınıb.
ELAZ.İNFO xəbər verir ki, mayın 23-də Salyan Dövlət Rəsm Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam və heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi keçirilib. Mərasimdə rayon rəsmiləri, sənət adamları, ziyalılar, rəssamın tələbələri, ailə üzvləri və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Qalereyanın direktoru Kürçaylı Məmmədov, Əməkdar artist Rafiq Mirzə, ziyalılar, mərhumun həmkarları və tələbələri İmanverdi Mustafayevin çoxşaxəli sənət dünyasından ətraflı söhbət açıblar. Natiqlər vurğulayıblar ki, o, zəngin yaradıcılığı və özünəməxsus rəng dünyası ilə yanaşı, həm də yüksək insani keyfiyyətlərə sahib bir şəxsiyyət olub. Onun yaratdığı süjetli kompozisiyalarda və tablolarda Vətənə, torpağa, xalqa bağlılıq hissləri fırça ustasının tükənməz vətənpərvərliyini nümayiş etdirir.
Vida mərasimində sənətkarın mədəniyyət tariximiz qarşısındakı ən böyük xidmətlərindən biri xüsusi diqqətə çatdırılıb: 1990-cı illərin əvvəllərində ölkədə yaranan xaos dövründə İmanverdi Mustafayev böyük fədakarlıq göstərərək Salyan Dövlət Rəsm Qalereyasının qiymətli fondunu tam qorumağa nail olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra qalereyanın yenidən formalaşması məhz onun qoruyub saxladığı həmin unikal əsərlər sayəsində mümkün olub.

Tədbirin sonunda mərhum rəssamın ailəsi adından çıxış edən Mirməmməd Mustafayev göstərilən diqqət və ehtirama görə mərasim iştirakçılarına dərin minnətdarlığını bildirib. Vida mərasimi başa çatdıqdan sonra görkəmli sənətkarın cənazəsi alqışlarla son mənzilə yola salınıb və Salyan şəhər qəbiristanlığında dəfn olunub. Rəssam, heykəltaraş İmanverdi Mustafayev 13 noyabr 1955-ci ildə Salyan şəhərində anadan olub. O, uzun sürən xəstəlikdən sonra 22 may 2026-cı il tarixində, 71 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
Ruslan MƏMMƏDOV
