Rusiyadan Ermənistana növbəti zərbə: Meyvə, tərəvəz və çiçək idxalına qadağa qoyula bilər

Rusiya ilə Ermənistan arasında son dövrlər yaşanan siyasi gərginlik artıq iqtisadi və ticarət münasibətlərinə də ciddi şəkildə təsir etməyə başlayıb. Rusiyanın müvafiq dövlət qurumları Ermənistandan gələn kənd təsərrüfatı məhsullarında kütləvi qüsurlar aşkar etdiyini bəyan edib.

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan idxal olunan təkcə çiçəklərlə bağlı deyil, həm də meyvə və tərəvəz məhsullarında ciddi problemlər qeydə alır. Bu barədə “Vesti” telekanalının efirində qurumun rəhbəri Sergey Dankvert məlumat verib. Yoxlamalar davam edir, qəti qərar veriləcək Sergey Dankvert qeyd edib ki, hazırda Ermənistan müəssisələrində araşdırmalar dayandırılmayıb:

“Məsələ burasındadır ki, bizim təkcə çiçəklərlə bağlı deyil, həm də tərəvəz və meyvələrlə bağlı problemlərimiz var. Ermənistan müəssisələrində yoxlamalar daha bir həftə davam edəcək. Bu təftişin nəticələrinə əsasən yekun qərar qəbul edəcəyik”, — deyə xidmət rəhbəri vurğulayıb.

“Rosselxoznadzor”un rəsmi məlumatına görə, mayın 22-dən etibarən Ermənistandan Rusiya ərazisinə çiçəklərin gətirilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Qurum rəsmiləri dəqiqləşdiriblər ki, Ermənistanın Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanı zəmanət versə də, gətirilən məhsullarda Avrasiya İqtisadi İttifaqı (Aİİ) üçün karantin hesab olunan obyektlərin (zərərvericilərin) aşkarlanması davam edir.

Hazırda mövcud problemlərin aradan qaldırılması və suallara aydınlıq gətirilməsi üçün Rusiyanın aidiyyəti qurumu Ermənistanın müfəttişlik orqanı ilə təmasda olduğunu bildirib. Bununla belə, yaxın günlərdə Ermənistanın kənd təsərrüfatı sektoruna ağır zərbə vuracaq daha geniş qadağaların qüvvəyə minəcəyi istisna olunmur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın