Ardıcıl 5-ci məğlubiyyət

İngiltərə Premyer Liqasının 33-cü turunda Londonun “Çelsi” klubu növbəti məğlubiyyətini alaraq azarkeşlərini məyus etməkdə davam edir.

ELAZ.İNFO xəbər verir ki, səfərdə “Brayton”un qonağı olan londonlular 3:0 hesabı ilə darmadağın ediliblər. Məşhur “Ameks” stadionunda keçirilən görüşdə “Brayton”un qollarını Ferdi Kadıoğlu (3-cü dəqiqə), Cek Hinşelvud (56) və Denni Uelbek (90+1) imza atıblar. Bu məğlubiyyət “Çelsi” üçün Premyer Liqada ardıcıl 5-ci uğursuzluq olub. Ən diqqətçəkən və acınacaqlı məqam isə odur ki, paytaxt klubu bu beş qarşılaşmanın heç birində rəqib qapısına yol tapa bilməyib.

Bu nəticədən sonra “Brayton” xallarının sayını 50-yə çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib və “Çelsi”ni geridə qoyub. 48 xalla 7-ci pilləyə geriləyən “zadəganlar”ın Avrokuboklara vəsiqə qazanmaq şansları daha da çətinləşib. “Çelsi” növbəti oyununu mayın 4-də doğma meydanda “Nottingem Forest”ə qarşı keçirəcək.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın