Bakıda məktəbə qarşı təhdid dolu paylaşım edən şagird saxlanılıb

Sosial şəbəkələrdə məktəb təhlükəsizliyi ilə bağlı yayılan narahatedici xəbərlərə polis dərhal reaksiya verib. Paylaşımların əsassız olduğu üzə çıxsa da, bu hərəkəti edən şəxsin kimliyi müəyyən edilib.

ELAZ.İNFO xəbər verir ki, 87 nömrəli tam orta məktəblə bağlı yayılan təhdid və müəllimləri təhqir edən paylaşımlar hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılıb. Aparılan yoxlamalar nəticəsində məktəbdə hər hansı real təhlükənin olmadığı müəyyənləşdirilib. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində həmin paylaşımların müəllifinin həmin məktəbin 15 yaşlı şagirdi olduğu məlum olub. Yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, onun valideynləri də polisə dəvət olunub. Yeniyetmə və valideynləri ilə geniş profilaktik söhbətlər aparılıb. Məktəbli barəsində toplanmış materiallar qərar qəbul edilməsi üçün icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilib. Faktla bağlı araşdırmalar davam edir.

Mütəxəssislər qeyd edirlər ki, bu növ zarafatlar və ya qərəzli paylaşımlar hüquqi məsuliyyət yaradır və valideynlər övladlarının internet fəaliyyətinə daha ciddi nəzarət etməlidirlər.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın