Vətən seçilmir necə ki, insan ata-anasını seçə bilmir. O, şəraitlə, rahatlıqla, imkanla ölçülən anlayış deyil. Vətən ata kimi dayaq, ana kimi sığınacaqdır, sevilər, müqəddəs tutulur, müzakirə mövzusu edilmir. Vətənə xidmət ailəyə xidmətdir, təmənnasız, hesab-kitab aparmadan, qarşılıq ummadan. Çünki qarşılıq gözləyərək deyilən “Vətən sevgisi” sevgi deyil, o, sadəcə mənfəət düşüncəsidir.
Vətən sevgisi alverə çıxarılanda, onun adı dəyişir, mahiyyəti yox olur. Vətənsiz insan yalnız torpağını itirmir, kimliyini, kökünü, mənsubiyyətini itirir. Harada yaşamasından asılı olmayaraq, içindəki boşluğu heç bir sərhəd, heç bir pasport doldura bilmir. Çünki insanı “kimsə” edən məhz Vətəndir, onun adı, dili, yaddaşıdır, və qəribə, amma ibrətamiz həqiqət budur ki, Vətənin dəyəri çox vaxt yalnız ondan ayrı düşəndə dərk edilir.
Ayrılıq insanın içində gizlənmiş mənsubiyyəti oyadır, Vətənin adını ürəyin ən dərin yerinə yazır. Lakin Vətənimiz Azərbaycan olduqda bu bağ daha da mənalı, daha da işıqlı olur. Biz Vətənə qarşılıq gözləmədən xidmət etməyi şərəf bilirik. Amma Vətən Azərbaycan öz sadiq övladlarını heç vaxt unutmur. Onu sevənini tanıyır, yolunda duranını qoruyur, adını tarixdə yaşadır.
Böyük Səməd Vurğun demişkən:
“Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana.
Hansı səmtə, hansı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən — Azərbaycan, Azərbaycan!”
Əli İbrahimov