Uğur anlayışı bilərəkdən çirkləndirilib

Bu dövrdə uğur anlayışı bilərəkdən çirkləndirilib. Zirvəyə aparan yol zəhmətdən yox, hiylədən, alın tərindən yox, dələduzluqdan, əməyin haqqından yox, başqasının cibindən keçənlər üçün “uğur” artıq bir peşəyə çevrilib. İnsanları pulla, var-dövlətlə aldatmaq, başqalarının ümidini sındırmaq bahasına öz “xoşbəxtliyini” qurmaq normal sayılır. Vicdan isə bu bazarda satılmayan, artıq yük hesab olunur. Zəhmətsiz yüksələn adam köksüz ağacdır demişdik. Amma bu gün bəziləri ağac da olmur, quru kölgə olur.

Dələduzluqla, yalanla, riyakarlıqla zirvəyə dırmaşanlar özlərini “uğurlu”, “nümunəvi”, “müqəddəs” kimi təqdim edirlər. Dildə dua, əməldə şeytan olmağı bacaranlar cəmiyyətin ən təhlükəli simasına çevrilib. Çünki onlar yalnız pul oğurlamır, inamı da talayır. Belələri üçün insan sadəcə vasitədir. Əzmək olar, aldatmaq olar, satmaq olar. Yetər ki, öz marağı təmin edilsin. Öz xoşbəxtliyi naminə başqasının həyatını qaraltmaq onlara günah kimi yox, “bacarıq” kimi görünür. Çünki əziyyət çəkməyiblər, əziyyətin nə olduğunu bilmirlər.

“Hazıra nazir olmaq olmaz” deyimi bu gün daha sərt səslənir. Çünki hazır gələnlər təkcə bacarıqsız olmur, həm də təhlükəli olur. Onlar kresloda oturub ədalətdən danışır, amma arxada qalanların haqqını tapdalayırlar. Üzdə təmiz, içdə çürük olmaq riyakarlığın ən iyrənc formasıdır. “Malı babası ölmüşdən al” sözü də burada tamamlanır. Zəhmətlə qazanılmayan mal necə ucuzdursa, vicdanla qazanılmayan mövqe də bir o qədər dəyərsizdir. Belə insanlar itirdiklərinə heyif gəlməz, çünki heç vaxt alın təri tökməyiblər. Onlar üçün nə malın, nə sözün, nə də etibarın çəkisi var. Ən faciəlisi odur ki, bu cür adamlar sistemin içinə sızır, sonra sistemi çürüdür. Qərar verirlər, amma məsuliyyət daşımırlar. İnsan idarə edirlər, amma insanlığı tanımırlar. İlk çətinlikdə maskaları düşür, çünki onların arxasında nə zəhmət yolu var, nə də həyat məktəbi. Zəhmətsiz çörəyin dadı olmadığı kimi, haramla qurulan “xoşbəxtliyin” də ömrü uzun olmur. Dələduzluqla qazanılan var bir gün sahibini də udur. Çünki haqq üzərində qurulmayan heç nə dayanıqlı olmur.

Bu gün xidmətdə hörmətin azalması, dəyərlərin aşınması, sözün ucuzlaşması təsadüfi deyil. Zəhmət yox sayıldıqca, riyakarlıq alqışlanır. Vicdan susduqca, şeytan cəsarətlənir. Həyat isə hələ də dəyişməyib. Addım-addım gəlməyən yolun sonu uçurumdur. Əməlində şeytan olub, dildə müqəddəs görünənlər müvəqqəti parlayar, amma tarixdə iz qoymaz. Çünki iz yalnız zəhmətlə, dürüstlüklə və insanlıqla qalır.

Əli İBRAHİMOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights