Dövlət xidmətində uzun illər kadr siyasətinin düzgün aparılmaması təkcə idarəetmənin zəifləməsi ilə nəticələnmir, bu, eyni zamanda sistemin gələcəyi üçün ciddi risklər yaradır. Peşəkar hüquqşünaslar, uzun illər sədaqətlə, vicdanla xidmət edən şəxslər kənara atılır, onların yerinə işin mahiyyətini bilməyən, əsas bacarıqları və etik prinsipləri olmayan şəxslər gətirilir. Bu kadrlar həm özünü, həm də vəzifəni gəlir mənbəyi kimi görür, təcrübəsi olmayan, savadsız, inzibati binası belə olmayan “universitetləri” hansısa yollarla başa vuran, İT biliklərinə yiyələnməmiş, danışıq qabiliyyəti zəif olan vəzifə sahiblərinin idarə etdiyi sahələr isə sürətlə keyfiyyətini itirir.
Rəhbərlik tərəfindən görülməzlik, qısqanclıq və yalançılıq isə bu prosesin əsl katalizatorudur. Peşəkar kadrları dəstəkləmək və onların səsini eşitmək əvəzinə, bəzi rəhbərlər şəxsi maraqlarını qorumağa, peşəkar və təcrübəli əməkdaşları sıradan çıxarmağa üstünlük verirlər. Qısqanclıqdan irəli gələn qərarlar sistemi zədələyir, dürüst və təcrübəli şəxslərin səyləri boşa çıxır, saxtakar, yalançı və təmənna güdən insanlar yüksəlir. Nəticədə yalnız idarəetmənin struktur pozulması baş vermir, həm də ictimai etibar itirilir. Qanuni nöqteyi-nəzərdən, bu vəziyyət həm etik, həm də hüquqi problemlər doğurur. Dövlət xidmətində vəzifəyə gəlmək üçün ləyaqət, bacarıq və peşəkarlıq əvəzində şəxsi mənfəət və yaltaqlıq üstün tutulursa, bu həm qanunların ruhuna, həm də iĺlərlə xidmət etmiş əməkdaşların haqlarına ziddir. Peşəkar hüquqşünasların sıxışdırılması, saxtakar və qeyri-peşəkarların yüksəlməsi yalnız daxili mənəvi ziyanla nəticələnmir, bu, həm də qanuni idarəetmənin pozulmasıdır.
Belə bir idarəetmənin aqibəti aydın və qaçılmazdır, peşəkarlar çəkilir, savadsız və vicdansızlar yüksəlir, işin keyfiyyəti aşağı düşür və dövlət qurumunun ictimai etibarı sarsılır. Əslində günahkar yalnız kadrları təyin edənlər deyil, eyni zamanda görməzdən gələn, qısqanclığa, şəxsi mənfəətə, yalançılığa yol verən, özünü “müqəddəs” göstərən maraqlı şəxslərdir. Dövlət idarəçiliyinin dayana bilməsi üçün yalnız qanun və qaydalara riayət kifayət deyil, eyni zamanda şəffaflıq, vicdan və peşəkarlığın qorunması vacibdir. Əks halda, ləyaqətli və təcrübəli kadrların itirilməsi ilə dövlət xidməti tükənmiş bir quruma çevrilir. Bu da yalnız indiki nəsil üçün deyil, gələcək üçün də ciddi nəticələr doğuracaq, dövlətin etibarlılığı və idarəetmə səmərəliliyi zərbə alacaq.
Əli İbrahimov