Zərdabda xırdabuynuzlu heyvanlar avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir

İşğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç mövsümünün yaxınlaşması ilə əlaqədar ölkənin müxtəlif bölgələrində xırdabuynuzlu heyvan sürülərinin sağlamlıq vəziyyətinə nəzarət ciddi şəkildə gücləndirilib. Köç ərəfəsində heyvanların sanitar vəziyyətinin yaxşılaşdırılması və parazitar xəstəliklərin qarşısının alınması əsas prioritetlərdən biri kimi müəyyən edilib.

ELAZ.İNFO xəbər verir ki, Zərdab rayonunun Bəyimli qəsəbəsindəki iri təsərrüfatlardan birində tətbiq edilən innovativ yanaşma ölkə heyvandarlığında böyük marağa səbəb olub. Belə ki, Azərbaycan heyvandarlıq tarixində ilk dəfə olaraq xırdabuynuzlu heyvanların çimizdirilməsi və dezinfeksiyası prosesi müasir, avtomatlaşdırılmış xüsusi qurğu vasitəsilə həyata keçirilməyə başlayıb.

Yeni texnologiyanın tətbiqi ilə bu sahədə tamamilə yeni və səmərəli mərhələyə qədəm qoyulub. İndi hər şey avtomatlaşdırılıb: Yeni qurğu xüsusi layihələndirilmiş keçid zonasından ibarətdir. Heyvanlar sahəyə daxil olduqda sistem mexaniki olaraq işə düşür və onların hərəkəti ilə sinxron şəkildə dərmanlı suyun verilməsini tənzimləyir. Sürünün keçidi zamanı qurğunun müxtəlif istiqamətlərindən yüksək təzyiqlə püskürdülən xüsusi məhlul heyvanların bədən səthini tam əhatə edir. Məhlul bədənə bərabər paylanır və proses fasiləsiz başa çatdığı üçün heyvanların stres səviyyəsi minimuma enir.

Bu sistemlə bir qoyun təxminən bir dəqiqəyə tam şəkildə yuyulur və bu, əmək səmərəliliyini kəskin şəkildə artırır. İnnovativ sistemin tətbiqinə baxmayaraq, xidmət qiyməti sabit saxlanılıb — rayon üzrə bir baş qoyunun qırxılması və xüsusi məhlulla çimizdirilməsi cəmi 2 manat təşkil edir. Proses Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zərdab Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nəzarəti altında icra olunur. İdarə rəisi Şaiq Teyyubov bildirib ki, bu texnologiya inkişaf etmiş ölkələrdə çoxdan istifadə olunur:

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın