Sankt-Peterburq məhkəməsi 1990-cı illərdə Azərbaycan ərazisində adam oğurluğu və hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Yusif Əliyev barəsində həbs qətimkan tədbiri seçib. 22 ildir beynəlxalq axtarışda olan şəxsin yaxalanması barədə məlumatı şəhər məhkəmələrinin birləşmiş mətbuat xidməti yayıb.
ELAZ.İNFO xəbər verir ki, hazırda onun Azərbaycana ekstradisiya edilməsi məsələsinə baxılır. Sankt-Peterburqun Vasilyeostrovski Rayon Məhkəməsinin qərarı ilə Yusif Naruddin oğlu Əliyev (sənədlərdə həmçinin Ruslan Nuraddinoviç Vəliyev kimi də qeyd olunur) ekstradisiya məsələsi həll olunana qədər həbs edilib. O, banditizm, qanunsuz azadlıqdan məhrum etmə, quldurluq və qanunsuz silah dövriyyəsində ittiham olunur. İşin materiallarına görə, Əliyev 1990-cı illərdə Azərbaycanda törədilmiş bir sıra ağır cinayətlərə görə axtarışda olub:
1994-cü ilin avqustunda o, silahlı qrupun tərkibində bir nəfəri qaçıraraq üç gün ərzində saxlayıb və ondan 182 min ABŞ dolları tələb etmək məqsədilə işgəncələr verib. 1995-ci ilin fevralında o, digər bir şəxsin qaçırılması və dörd gün ərzində girov saxlanılması ilə nəticələnən silahlı basqında iştirak edib. Həmin şəxs yalnız 150 min dollar fidyə qarşılığında sərbəst buraxılıb.
Kriminal avtoritet iyunun 9-da Sankt-Peterburqun Makarov sahili küçəsində keçirilən əməliyyat zamanı saxlanılıb. Məhkəmə prosesində məlum olub ki, o, Rusiya Federasiyası ərazisində qanuni əsaslar olmadan yaşayıb, daimi qeydiyyatı və rəsmi iş yeri olmayıb. Rusiya ərazisində cinayət məsuliyyətinə cəlb edilməyib. Məlumata görə, Əliyev kriminal iyerarxiyada yüksək mövqe tutub və “qanuni oğru” statusuna sahib olub. Kriminal aləmdə o, daha çox “Yusif Bakinski” ləqəbi ilə tanınır. Hələ 2009-cu ilin martında o, Moskva restoranlarının birində kriminal avtoritetlərin “sxodka”sı zamanı milis tərəfindən saxlanılmışdı. Rəsmi olaraq beynəlxalq axtarışa isə 2004-cü ildə verilib.
Təqsirləndirilən şəxs məhkəmədə gizlənmədiyini iddia edərək həbs qərarına etiraz etsə də, onun Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilməsi üçün beynəlxalq müqavilələrə və Rusiya qanunvericiliyinə görə hər hansı bir maneə tapılmayıb. Məhkəmə onun həbs müddətini 18 iyul 2026-cı il tarixinədək müəyyən edib.
Ruslan MƏMMƏDOV
