Yüksəliş müsabiqəsinin finalçıları strateji keys tapşırıqlarını müdafiə ediblər

Azərbaycanda intellektual potensialın üzə çıxarılması və müasir idarəçi kadr bankının formalaşdırılması istiqamətində keçirilən mühüm müsabiqənin həlledici mərhələsi başa çatmaqdadır. Finalçılar ölkəmizin gələcək strateji inkişaf modelinə töhfə verəcək çətin sınaq qarşısında imtahan veriblər.

ELAZ.İNFO xəbər verir ki, müsabiqənin final mərhələsinin son günündə iştirakçılar Təşkilat Komitəsinin üzvləri və təyin olunmuş mentorların ciddi müşahidəsi altında “Yeni təsir gücü: Azərbaycan” adlı irimiqyaslı keys tapşırığını yerinə yetiriblər. İntensiv komanda işi şəraitində çıxış yolları hazırlayan iştirakçılar öz layihələrini müdafiə edərək mentorların çoxşaxəli suallarını cavablandırıblar. Təqdimat mərasimindən sonra finalçıların fəaliyyəti idarəçi rəhbərlər tərəfindən yüksək meyarlar əsasında qiymətləndirilib. Keys tapşırığının əsas mövzusu ölkəmizin beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsi ilə bağlı olub. Müzakirələr zamanı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən uzaqgörən, ardıcıl və milli maraqlara əsaslanan müdrik siyasət xüsusi vurğulanıb. Bu siyasət nəticəsində Azərbaycanın güclənən dövlətçilik mövqeyi, qlobal miqyasda artan beynəlxalq nüfuzu və Cənubi Qafqazda yeni regional təsir mərkəzi kimi formalaşması prosesi dərindən təhlil edilib.

İştirakçılar ölkəmizin mövcud iqtisadi, siyasi və humanitar potensialının daha da gücləndirilməsi, həmçinin xarici siyasətdə strateji təsir imkanlarının genişləndirilməsi istiqamətində innovativ həll yolları hazırlayaraq münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə prosesinin şəffaflığını və rəqabətliliyini artırmaq məqsədilə xüsusi qayda tətbiq olunub. Prosesin bir hissəsi olaraq hər işçi masaya təyin edilmiş mentor komanda daxilində yüksək bilik, analitik təhlil və xüsusi idarəetmə bacarıqları ilə fərqlənən bir finalçıya əlavə qiymətləndirmə balı təqdim edib. Mentor tərəfindən verilən bu xüsusi bal iştirakçının final mərhələsi üzrə qazandığı ümumi nəticəsinə əlavə olunub və qaliblərin müəyyənləşməsində mühüm rol oynayacaq. Müsabiqənin yekun nəticələri yaxın günlərdə ictimaiyyətə elan olunacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın