Rusiyanın Novosibirsk Dövlət Texniki Universitetinin (NDTU) alimləri elektrokinetik hadisələrdən istifadə edərək elektrik enerjisi əldə etməyin unikal və tamamilə yeni üsulunu hazırlayıblar. Bu innovativ metod yeraltı suların məsaməli süxurlardan keçərək yaratdığı hərəkət enerjisinin birbaşa elektrik enerjisinə çevrilməsinə əsaslanır.
ELAZ.İNFO xəbər verir ki, yeni texnologiya xüsusilə infrastrukturun olmadığı çətin coğrafi şəraitdə əvəzedilməz rol oynayacaq. Geoloji kəşfiyyat işləri zamanı, xüsusən də getməsi çətin olan ucqar rayonlarda, ənənəvi elektrik enerjisi toplama qurğularından (akkumulyatorlardan) müntəzəm istifadə etmək və ya onları doldurmaq hər zaman mümkün olmur. Məhz bu səbəbdən sahə şəraitində tamamilə avtonom işləyən enerji mənbələrinə kəskin ehtiyac yaranır.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, yeni qurğu geofiziki aparatların, müxtəlif datçiklərin (ötürücülərin) və geoloji axtarış avadanlıqlarının fasiləsiz qidalandırılması üçün nəzərdə tutulub. Alimlərin təklif etdiyi generator sxemi xarici şəbəkələrdən tam asılımsız formada fəaliyyət göstərir.
Xüsusi elektrodlar dispers materialın (məsələn, qum və ya xüsusi qranulların) daxilində fərqli hündürlüklərdə yerləşdirilir. Su xüsusi çənə daxil olur və hidrostatik təzyiqin təsiri altında yuxarıdan aşağıya doğru qum qatından süzülür. Təzyiqin dərəcəsi su sütununun hündürlüyündən asılıdır. Suyun dispers materialdan keçərək təbii hərəkəti və elektrodlarla qarşılıqlı əlaqəsi nəticəsində elektrodlar arasında potensiallar fərqi (elektrik cərəyanı) yaranır və sistem nəzarət-ölçü cihazları vasitəisə ilə qeydə alınır.
Bu texnoloji qurğunun ən böyük üstünlüyü onun heç bir elektrik şəbəkəsinə və ya xarici enerji mənbəyinə qoşulma tələb etməməsidir. Sistem tamamilə təbii proseslər hesabına enerji istehsal edir. Mütəxəssislər qeyd edirlər ki, bu kompakt cihaz mühəndis infrastrukturunun olmadığı sahələrdə — elmi ekspedisiyalarda, ucqar meteostansiyalarda, xilasedicilərin düşərgələrində və ya kənd yerlərində rahatlıqla tətbiq edilə bilər. Generatordan əldə olunan enerji sahə şəraitində ən çox istifadə olunan sadə avadanlıqları: radiostansiyaları, datçikləri, işıqlandırma cihazlarını və rabitə qurğularını qidalandırmaq üçün tamamilə kifayətdir.
Ruslan MƏMMƏDOV
