Putin: “Azərbaycanla münasibətlərimiz yaxşıdır, Ermənistan isə seçimini tezləşdirməlidir”

Rusiya Prezidenti Vladimir Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə regional proseslər, xüsusilə Azərbaycan və Ermənistanla bağlı strateji bəyanatlar səsləndirib.

ELAZ.İNFO xəbər verir ki, Rusiya lideri Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə dair Moskvaya aid mühüm tezisləri diqqətə çatdırıb. Rusiya Prezidenti iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu və rəsmi Bakının tərəfdaşlıq fəaliyyətini xüsusi qeyd edib:

Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman çox yaxşı, xeyirxah və səmimi olub. Prezident İlham Əliyev iki ölkə arasındakı strateji qarşılıqlı fəaliyyət müqaviləsinin konkret məzmunla zənginləşdirilməsinə böyük şəxsi əmək və qüvvə sərf edir. Regional məsələlərdə, xüsusən İrana humanitar yardımın çatdırılmasında Azərbaycan tərəfi müraciətlərə dərhal reaksiya verərək olduqca effektiv iş ortaya qoyub.

Putin rəsmi İrəvanın Qərb standartlarına yönəlmiş cari xarici siyasi kursunun onları təəccübləndirmədiyini bildirsə də, iqtisadi tənzimləmələr baxımından ölkə rəhbərliyinə konkret çağırış edib: Rusiyanın Ermənistandan cəmi bir xahişi var — Avropa İttifaqına qoşulmaq ehtimalı ilə bağlı ölkədə referendum mümkün qədər tez keçirilməlidir. Ermənistan öz siyasi kursunu rəsmən dəqiqləşdirməlidir, çünki Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində ümumi bazarların və tənzimləmə formalarının gələcək fəaliyyəti birbaşa İrəvanın verəcəyi qərardan asılıdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın