Xalq artisti Həsən Məmmədov: “Mən doğma xalqıma xidmət edən aktyoram”

Azərbaycan kino və teatr sənətinin korifeylərindən biri, yaratdığı bənzərsiz obrazlarla xalqın qəlbində silinməz iz qoyan Həsən Məmmədovun sənət dünyası və ömür yolu hər zaman dərin ehtiramla anılır. Sənətkar öz həyat fəlsəfəsini və peşəsinə olan bağlılığını bu səmimi sözlərlə ifadə edirdi:

“Düşünəndə ki, bu qədər rollar yaratmışam, həmişə başqalarının həyatını oynamışam, özümə sual vermişəm, bəs, əslində mən kiməm? Cavabım bu olub ki, mən aktyoram, doğma xalqıma xidmət edən aktyor”.

Həsən Məmmədovun şəxsi həyatının ilk mühüm səhifələri də elə sənət ocağının yaxınlığında yazılmağa başlayıb. O, kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə Lətifə adlı tələbə qıza vurulur. Bu sevgi qarşılıqsız qalmır və gənclər bir müddət sonra ailə həyatı qururlar. Az sonra gənc ailəyə kinostudiyanın həyətində tikilən yeni binalarda mənzil verilir. Bu evlilikdən sənətkarın bir qız və bir oğlan övladı dünyaya gəlir.

Karyerası boyu fərqli xarakterli, mürəkkəb və yaddaqalan rollara həyat verən aktyorun fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib. Ayrı-ayrı illərdə oynadığı uğurlu rollarına görə saysız-hesabsız dövlət mükafatlarına layiq görülən sənətkar, 1982-ci il dekabrın 1-də Azərbaycanın “Xalq artisti” fəxri adını alaraq sənətdəki ali zirvəsini fəth edir.

Lakin səhnədəki parıltılı həyatın pərdəarxasında böyük çətinliklər və gərginliklər dayanırdı. İllərlə dayanmadan, gərgin qrafiklə işləməsi, bununla yanaşı böyük ailənin kifayət qədər kiçik bir mənzildə yaşaması aktyorun səhhətinə mənfi təsir göstərməyə başlayır. Həsən Məmmədov yüksək nüfuzuna rəğmən, mənzil şəraitinin yaxşılaşdırılması üçün heç kəsə ağız açmır, statusundan istifadə etmir və bütün bu sıxıntıları daxilində yaşayaraq ürəyinə salırdı. Ürəyindən keçirdiyi ağır əməliyyatdan sonra, günlərin birində böyük sənətkar daxili sarsıntısını gizlədə bilməyərək yaxın dostuna belə gileylənir: “Məzuniyyət zamanı Allahın bir istirahətinə də gedə bilmirəm ki, bir az kənarda dincəlim”. Azərbaycan mədəniyyətinə silinməz xəzinə bəxş edən böyük sənətkar, unudulmaz aktyor 2003-cü il avqustun 26-da dünyasını dəyişərək əbədiyyətə qovuşub. Onun canlandırdığı obrazlar bu gün də xalqımızın yaddaşında yaşayır və sevilir.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın