Yer kürəsinin fırlanma sürətinin zəifləməsi GPS sistemlərinin işinə təsir etməyəcək

ELAZ.İNFO xəbər verir ki, Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin zəifləməsi GPS naviqasiya sistemlərinin fəaliyyətinə təsir göstərməyəcək, çünki bu sistemlərin işinə vaxtında lazımi düzəlişlər etmək mümkündür. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının müdiri Sergey Boqaçov məlumat verib. Qeyd edək ki, bir müddət əvvəl Avstriya və İsveçrə alimləri geologiya tarixində Yer kürəsinin fırlanma sürətinin rekord həddə zəifləməsini qeydə alıblar.

Ekspert bildirib ki, insanın Yer kürəsinin fırlanması nəticəsində məkanda hər saniyə yüzlərlə metr yer dəyişdirdiyini nəzərə alsaq, cəmi bir millisaniyəlik xəta bir neçə on santimetrlik məkansal yayınmaya yol aça bilər. Lakin Boqaçov vurğulayıb ki, Yerin fırlanma sürətinin zəifləməsi çox yavaş gedən bir prosesdir. Bu dəyişikliklər qabaqcadan tam proqnozlaşdırıla bildiyi üçün sistemlərə müvafiq korreksiyalar və düzəlişlər daxil etmək heç bir çətinlik yaratmayacaq.

Alimlərin daha əvvəl dərc olunmuş tədqiqatlarına görə, iqlim dəyişikliyi fonunda buzlaqların sürətlə əriməsi planetin fırlanma sürətinin yavaşımasına təkan verir. Mütəxəssislərin fikrincə, sutkanın uzunluğunun bu cür dəyişməsi kosmik aparatların Günəş sistemi üzrə hərəkət naviqasiyasının, eləcə də GPS naviqasiyasının dəqiqliyinə təsir göstərə bilər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın