ELAZ.INFO xəbər verir ki, bu əlamətdar gündə Milli Cəbhə Partiyasının (MCP) Salyan rayon təşkilat sədri Ruslan Məmmədov ölkə gündəmini sarsıdan uşaq pulu qalmaqalları ilə bağlı cəmiyyəti düşündürən kəsərli bir tənqidi məqalə ilə çıxış edib. Məqalədə həm körpələrimizə ünvanlanan səmimi təbriklər, həm də uşaqlarımızın gələcəyinə kölgə salan bürokratik yanaşmalara qarşı barışmaz MCP mövqeyi yer alıb.
Biz Milli Cəbhə Partiyası olaraq bu, bayram günündə uşaqlarımız üçün dövlətimiz tərəfindən hansısa müsbət, sevindirici və gələcəyə ümidverən bir qərarın elan olunmasını gözlədiyimiz bir məqamda, təəssüf ki, tamamilə fərqli bir mənzərə ilə qarşılaşdıq. Son günlərdə uşaq pulu haqqında ortaya atılan bəzi qalmaqallı bəyanatlar və dedi-qodular ölkə gündəmini zəpt edərək hamımızı dərindən məyus etdi və təəssüfləndirdi.
Bir ananın, yaxud analıq hissini kişilərdən daha çox hiss etməli olan və cəmiyyətimizdə hər zaman başımızın tacı hesab etdiyimiz xanımlardan – bəzi rəsmi simalardan uşaq puluna qarşı bu cür qorxunc etirafları, soyuq bəyanatları eşitmək bizi çox üzdü. Sual olunur: bu insanlar öz övladlarını bu gün hansı qəlblə təbrik edəcəklər? Öz övladlarını şəxsi sürücülərin müşayiəti ilə prestijli əyləncə mərkəzlərində şənləndirərkən, xalqın bir qisminin övladlarının hansı qayğı və çətinliklər içində yaşadığını görüb görməzdən gələnlər, bu gün necə öz uşağını bağrına basıb rahatlıqla bayram edə bilər?
Milli Cəbhə Partiyası olaraq biz bu məsələdə heç vaxt geri addım atmamışıq. Partiyamızın başqanı Razi Nurullayev hər zaman Milli Məclisin ali tribunasından bu məsələni ən kəsərli şəkildə diqqətə çatdırıb. Razi bəy öz çıxışlarında uşaq pulunun bərpa edilməsinin sadəcə bir sosial yardım deyil, bütöv bir nəslin sağlam və təhsilli yetişməsi üçün dövlətin gələcəyinə qoyduğu ən böyük investisiya olduğunu qətiyyətlə vurğulayıb. O, hər zaman bəyan edib ki, uşaq pulunun verilməsi ailələrin belini dikəldən, cəmiyyətdə sosial ədaləti bərpa edən mühüm bir addımdır və biz MCP olaraq xalqın bu haqlı tələblərini sonadək dəstəkləyirik!
Cəmiyyətə sırımaq istədikləri o bəhanələrə cavabımız qətidir: uşaq pulu nə tənbəllikdir, nə də kimlərinsə iddia etdiyi kimi acgözlükdür! Bu, uşaqlarımızın qanunla və mənəviyyatla sahib olmalı olduqları ən halal haqdır. Bununla belə, biz dövlətimizin gücünə və idarəçilik mexanizminə inanan bir siyasi qüvvəyik. Biz inanırıq ki, dövlətimiz nəyin, nə vaxt və necə bərpa olunacağını tam dəqiq bilir. Digər partiyalardan fərqli olaraq, biz uşaqlarımızın öz haqlarını yaxın günlərdə alacaqlarına daha çox inanan və bu inamı qoruyan bir partiyayıq.

Bu mənəvi hisslərlə, başda şəhidlərimizin bizə əmanəti olan övladlarımız olmaqla, bütün balalarını 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edirik. Qoy uşaqlarımızın gələcəyi parlaq, ruzisi bol və təbəssümləri hər zaman daimi olsun!
Ruslan MƏMMƏDOV
