Şuşada keçirilən IV Qlobal Media Forumu nəinki qlobal informasiya məkanının diqqətini Azərbaycana yönəldib, həm də Cənubi Qafqazdakı yeni geosiyasi axarın istiqamətini göstərən mühüm beynəlxalq platformaya çevrilib. Prezident İlham Əliyevin forumdakı çıxışı regionun gələcəyinə dair strateji məsələlərin artıq Bakının iradəsi ilə müəyyən edildiyini bir daha sübut edir.
ELAZ.İNFO xəbər verir ki, politoloq, hüquqşünas Vüqar Dadaşov bu mühüm forumun əsas mahiyyətinin Rusiya-Ukrayna müharibəsi fonunda regional güc balansının yenidən qurulması ilə birbaşa bağlı olduğunu bildirib. Hüquqşünas Vüqar Dadaşov qeyd edir ki, tədbirdə Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, Zəngəzur dəhlizi (TRIPP) ətrafında gedən proseslər, Ermənistanın Moskvanın təsirindən uzaqlaşması və Ukraynadakı müharibənin gələcək perspektivləri kimi ən aktual mövzular açıq şəkildə müzakirə edilib. Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın işğal dövründə Azərbaycana təzyiq göstərməsi ilə bağlı bəyanatları böyük rezonans doğurub. Hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə, dövlət başçısının bu ifşası tarixi bir faktın fiksasiyasıdır:
“Minsk qrupunun üzvü olan bu üç qlobal gücün Qarabağ və ətraf rayonların Ermənistana verilməsi üçün Azərbaycana təzyiq etməsi, bizi bu ədalətsiz sülhlə barışmağa sövq etməsi və 44 günlük Vətən müharibəsi zamanı dərhal döyüşləri dayandırmağı tələb etmələri faktı rəsmi Bakı tərəfindən beynəlxalq müstəvidə tam ifşa olundu. Bu, xarici güclərə Cənubi Qafqazın taleyinin Azərbaycanın iradəsindən kənar müzakirə edilə bilməyəcəyini göstərən ən böyük reallıqdır”.
Forumda diqqət çəkən digər mühüm məqam isə Rusiyada Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərinə görə təzyiqlərlə üzləşən, işdən uzaqlaşdırılan Yuri Qusman, Sergey Markov və İqor Korotçenko kimi ictimai-siyasi xadimlərə Prezident İlham Əliyev tərəfindən açıq dəstək verilməsi olub. Hüquqşünas Vüqar Dadaşov hesab edir ki, bu addım Azərbaycanın milli maraqlarını qoruyan hər bir şəxs üçün dövlət səviyyəsində etibarlı təminat və himayə mesajıdır.
Rusiya-Ukrayna müharibəsinin uzanması Moskvanın hərbi, siyasi və iqtisadi imkanlarını zəiflədərək onun regional təsirini məhdudlaşdırır. Belə bir şəraitdə Türkiyə-NATO münasibətlərinin normallaşması, Ankaranın F-35 proqramına qayıtması və Rusiyadan alınan S-400 sistemlərinin satış planı ətrafında gedən müzakirələr Kremlin qlobal təsirini daha da sarsıdır. Hüquqşünas Vüqar Dadaşov vurğulayır ki, Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinin Ukraynanın ərazi bütövlüyünə verdiyi açıq dəstək Moskvada ciddi narahatlıq yaradıb. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dərhal reaksiya verərək, Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi “yanlış hesab etdiklərini” bəyan edib.
Digər tərəfdən, rus mənbələrinin məlumatına görə, bir müddət əvvəl Şuşada keçirilən tədbirlərdə Rusiyanın tərkibindəki türk xalqlarının milli kimliyi və hüquqlarının müzakirə mövzusu olması Moskvaya “simmetrik siyasi cavab” və gələcək separatizm təhlükələrinə qarşı xəbərdarlıq kimi qiymətləndirilir. Nəticə etibarilə, IV Şuşa Qlobal Media Forumu adi bir media tədbiri olmaqdan çıxaraq, Azərbaycanın Cənubi Qafqazda əsas regional güc və gələcəyi müəyyən edən strateji aktor olduğunu bütün dünyaya nümayiş etdirib.
Ruslan MƏMMƏDOV


