Müasir geosiyasi arenada güclərin nisbəti sürətlə dəyişir. Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin postsovet məkanındakı təsir rıçaqlarının zəifləməsi və regional güclərin tam müstəqil xarici siyasət yürütməsi beynəlxalq analitiklər tərəfindən yaxından izlənilir. Moskva öz iradəsinə qarşı çıxan dövlətlərə təzyiq etməyə çalışsa da, güclü müttəfiqləri və müstəqil hərbi gücü olan ölkələr qarşısında geri addım atmalı olur.
ELAZ.İNFO xəbər verir ki, rəsmi Bakının son dövrlərdə nümayiş etdirdiyi cəsarətli və qətiyyətli mövqe Moskvanın geosiyasi iddialarına ciddi zərbə vurub. Siyasi təhlilçilər diqqəti bir neçə ay əvvəl Kremlin müstəqil mövqeyinə və Rusiya rəhbərliyinə qarşı bəyanatlarına görə İrəvana təzyiq göstərmək, erməni məhsullarına qadağa qoymaq, qaz xətlərini kəsmək kimi sanksiyalar tətbiq etmək cəhdlərinə yönəldirlər. Lakin oxşar bəyanatların Bakıdan gəlməsi qarşısında Kremlin tamamilə aciz qaldığı müşahidə olunur.
Moskvadan heç bir asılılığı olmayan, güclü orduya və Türkiyə kimi nəhəng dövlətin birbaşa dəstəyinə arxalanan Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi Kremlin rəsmi xəttinə sarsıdıcı zərbə vurub.
Bakının bu müstəqil və prinsipial mövqeyi qarşısında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun yalnız “münasibətləri gərginləşdirmək istəmədiklərini” bildirməklə kifayətlənməsi Kremlin geosiyasi nüfuzunun necə zədələndiyini göstərir. Analitiklər bu vəziyyəti Rusiyanın böyük iddialarının bölgədəki yeni reallıqlar qarşısında puç olması kimi qiymətləndirirlər.
Ruslan MƏMMƏDOV


