Azərbaycanın bölgələrində fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və həkimlərin peşəkarlığı ən ağır klinik hallarda belə insan həyatının xilas edilməsini təmin edir. Regional xəstəxanalara və yerli mütəxəssislərə olan inam hətta ölkəmizdə yaşayan əcnəbilərin də sağlamlıqlarını yerli həkimlərə etibar etməsinə yol açır.
ELAZ.İNFO xəbər verir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasına 39–40 həftəlik hamiləlik, hamiləlik ödəmi, preeklampsiya, peripartum kardiomiopatiya və anemiya diaqnozları ilə müraciət edən xarici ölkə vətəndaşı yüksək riskli pasiyent kimi qiymətləndirilib.
Klinik vəziyyətinin son dərəcə mürəkkəbliyi nəzərə alınaraq, pasiyentə təhlükəsizlik məqsədilə Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunması təklif edilib. Lakin o, yerli həkimlərə etibar edərək müalicəsini məhz Salyan Rayon Mərkəzi Xəstəxanasında davam etdirmək istədiyini bildirib.
Xəstəxananın təcrübəli mütəxəssisləri — həkim-cərrah Yeganə Əliyevanın, həkim-mama-ginekoloq Xatirə Əliyevanın və həkim-anestezioloq-reanimatoloq Esmira Baxışovanın yüksək koordinasiyalı fəaliyyəti nəticəsində çətin qeysəriyyə əməliyyatı uğurla icra edilib.
Hazırda həm ananın, həm də yenidoğulmuş körpənin vəziyyəti qənaətbəxşdir. Hər ikisi həkim nəzarəti altında müalicə və reabilitasiya prosesini uğurla davam etdirir. Bu hadisə peşəkarlıq, məsuliyyət və pasiyent etimadının növbəti uğurlu nəticəsi kimi tibb tarixinə yazılıb.
Ruslan MƏMMƏDOV


