Tək bir atomu irihəcmli kvant mikroskopuna çevirdilər — Yaponiyadan elmi sıçrayış

ELAZ.İNFO xəbər verir ki, yaponiyalı fiziklər qələvi metal olan rubidiyumun tək bir atomundan istifadə edərək optik cihazlardan daha yüksək dəqiqlikdə təsvirlər çəkə bilən kvant mikroskopu hazırlayıblar. Təbiət Elmləri Milli İnstitutunun (NINS) mətbuat xidmətinin yaydığı məlumata görə, mütəxəssislər bu yeni vizuallaşdırma metodunu “atom kamerası” adlandırıblar.

Mütəxəssislər qeyd edir ki, mütləq sıfır temperaturuna yaxın soyudulmuş tək bir atomla işləyən bu metod alimlərə keçmişdə mövcud mikroskopiya üsulları ilə öyrənilməsi son dərəcə çətin olan nanoməqamlı optik strukturların fəaliyyətini izləmək üçün yeni imkanlar yaradır. Bu layihə NINS-in Molekulyar Elmlər İnstitutunun professoru Kenci Omorinin rəhbərliyi altında kvant kompüterləri, rabitə sistemləri və nanooptikanın inkişafı üçün yeni nəsil alətlərin yaradılması məqsədilə hazırlanıb.

Professor Omori və həmkarları müəyyən ediblər ki, lazer şüaları vasitəsilə mütləq sıfıra yaxın soyudulan tək bir atom, mövcud müşahidə sistemlərindən fərqli olaraq, kvant kompüterlərinin və ya digər cihazların işini pozmadan onların daxilinə yerləşdirilə bilər. Bu atom tədqiq edilən qurğudan gələn fotonlarla qarşılıqlı əlaqəyə girdikdə onun mövqeyi və sərbəst elektronunun enerji xüsusiyyətləri dəyişir. Keçirilən təcrübələr göstərib ki, rubidiyum atomu lazer şüasının intensivliyi və polyarizasiyasındakı kiçik dəyişiklikləri 100 nanometr məsafə dəqiqliyi ilə izləməyə imkan verir ki, bu da adi optik mikroskopların imkanlarını qat-qat üstələyir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın