Xəzər üzərindən rəqəmsal məlumat ötürülməsinin həcmi 2036-cı ilədək 21 terabitə çata bilər

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilmiş fiber-optik rabitə xətti regionun rəqəmsal bağlantı imkanlarını genişləndirir. Qazaxıstanın “Kazakhtelecom” şirkətinin rəhbəri Bağdat Musinin açıqlamasına görə, Xəzər üzərindən ötürülən internet trafikinin həcminin 2036-cı ilədək saniyədə 21 terabitə çatacağı gözlənilir.
380 kilometr uzunluğunda olan sualtı kabel 64 optik lifdən ibarətdir. Oktyabrın 15-də istifadəyə verilən xətt Qazaxıstanın telekommunikasiya şəbəkələrini Azərbaycan infrastrukturu ilə birləşdirir və məlumatların Qafqaz, eləcə də Avropa istiqamətində ötürülməsinə imkan yaradır.
Layihənin əhəmiyyəti yalnız internet sürətinin artırılması ilə məhdudlaşmır. Bu xətt Asiya ilə Avropa arasında alternativ rəqəmsal marşrut formalaşdırır. Azərbaycanın tranzit imkanlarının genişlənməsi isə ölkənin nəqliyyat və enerji ilə yanaşı, rəqəmsal bağlantı sahəsində də regional mövqeyini gücləndirə bilər.
İlahə BAYINDIR




