Kəlbəcər Şəhəri Günü qeyd olunur

ELAZ.İNFO xəbər verir ki, Bu gün Azərbaycanda Kəlbəcər Şəhəri Günü qeyd edilir. 2020-ci il noyabrın 25-də üçtərəfli bəyanata uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundan çıxması ilə ərazi Azərbaycanın nəzarətinə keçib. 2023-cü il iyulun 31-də imzalanmış sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təsis edilib.
Bu tarix yalnız təqvimdə əlamətdar gün deyil. Kəlbəcərin azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri ərazidə təhlükəsizliyin təmin edilməsi, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının davam etdirilməsidir.
Kəlbəcərə qayıdan 267 nəfər məşğulluq proqramlarına cəlb olunub
Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər rayonuna köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam edir. Son açıqlamaya əsasən, indiyədək 267 nəfər aktiv məşğulluq proqramlarına cəlb edilib.
Onlardan 255 nəfəri işlə təmin olunub. Bu qrupa özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat və biznes fəaliyyəti qurmuş 26 nəfər də daxildir. Daha 12 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına yönləndirilib.
İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Əhalinin daimi gəlir mənbəyinə çıxışının təmin edilməsi, peşə bacarıqlarının inkişafı və yerli iqtisadi fəallığın artırılması qayıdış prosesinin davamlılığı üçün mühüm şərtlərdir.
Günel GÜNTAC




