3 ildir "karta pobytu" gözləyən əcnəbi Varşavada təkadamlıq etiraz aksiyasına başladı

Varşavada təkadamlıq etiraz aksiyasına başladı

Polşada əcnəbilərin yaşayış icazəsi (karta pobytu) sənədlərinin rəsmiləşdirilməsi zamanı yaranan uzunmüddətli bürokratik gecikmələr növbəti dəfə ciddi narazılığa səbəb olub. Misir əsilli iş adamı Toni Tovardos artıq üç ildir Polşada qanuni yaşayış icazəsi ala bilmədiyini əsas gətirərək Varşavadakı Mazoviya Voyevodalığı İdarəsinin (Urząd Wojewódzki) binası qarşısında təkadamlıq etiraz aksiyasına başlayıb.

ELAZ.İNFO xəbər verir ki, 2018-ci ildən bəri Polşada yaşayan və Varşavada beynəlxalq ticarət sahəsində fəaliyyət göstərən Toni Tovardos burada azyaşlı qızı ilə birlikdə həyatını davam etdirir. O, növbəti yaşayış icazəsi ilə bağlı rəsmi müraciətini 28 iyul 2023-cü ildə etsə də, idarə tərəfindən uzun sürən baxılma prosesindən sonra, 18 iyul 2025-ci ildə onun müraciətinə gözlənilmədən imtina cavabı verilib.

Hüquqlarını qorumaq üçün məsələni məhkəmə müstəvisinə daşıyan misirli sahibkar müəyyən uğur qazanıb. Belə ki, 20 mart 2026-cı il tarixində Varşava Voyevodalıq İnzibati Məhkəməsi idarənin imtina qərarını qanunsuz hesab edərək ləğv edib və işi yenidən baxılması üçün Mazoviya Voyevodalığı İdarəsinə qaytarıb. Lakin məhkəmənin ali qərarına baxmayaraq, miqrasiya idarəsi işi hələ də yekunlaşdırmayıb və sənədə baxılma müddətini növbəti dəfə 20 iyul 2026-cı ilədək uzadıb.

Uzunmüddətli sənədsizliyin həyatını iflic etdiyini deyən Toni Tovardos qarşılaşdığı çətinlikləri bu cür sıralayıb: Artıq 3 ildir ki, ölkədə normal, leqal əmək və biznes fəaliyyəti ilə məşğul ola bilmir; Sənədləri tam olmadığı üçün Polşa ərazisini tərk edə bilmir (getdiyi təqdirdə geri qayıda bilməmək riski var); Polşadan kənarda yaşayan ailəsində baş verən mühüm və tarixi hadisələrdə iştirak etmək imkanından tamamilə məhrum olub; Beynəlxalq ticarətlə məşğul olduğu üçün xarici səfərlər tələb edən biznesi faktiki olaraq tamamilə dayanıb.

Vəziyyətin çıxılmazlığından boğulduğunu vurğulayan misirli əcnəbi, “İndi mənim yeganə işim bura gəlib idarənin qarşısında dayanmaqdır”, – deyə etirazını ifadə edib. Aksiyanın ilk günü əraziyə gələn Varşava polisi nümayişçinin sənədlərini və şəxsiyyətini yoxlasa da, hər hansı bir qanun pozuntusu və ya asayişin pozulması halı qeydə alınmadığı üçün ərazini tərk edib. Əcnəbi sahibkar sənədləri barədə müsbət qərar verilənədək aksiyanı davam etdirəcəyini bildirib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın