Dosent Ağasəf İmran “Artsax” terminindən istifadə məsələsi ilə bağlı fikirlərini ELAZ.İNFO ilə bölüşüb.
O, bildirib ki, Azərbaycanın inzibati-ərazi quruluşunda “Artsax” adlı hər hansı ərazi vahidi mövcud olmadığı üçün, bu adın kütləvi informasiya vaitələrində istifadə edilməsi yolverilməzdir.
Onun sözlərinə görə, bu ifadə Sovet hökumətinin yaratdığı saxta “Dağlıq Qarabağ” ifadəsinin pərdələnmiş sinonimidir. Əslində isə, “Artsax” ifadəsi, bizim “Ərsak” sözümüzün təhrif olunmuş formasıdr ( ər-ar, sak- tsax kimi deyilir ki, sözün tərkibindəki “sak” sözü itmiş olsun, çünki, saklar, türk mənşəli xalq olmuşlar) və bunun ermənilərə heç bir aidiyyəti yoxdur.
Ağasəf İmran qeyd edib ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz hissəsidir və ərazi adlarının siyasi məqsədlərlə dəyişdirilməsi hüquqi reallığı dəyişmir.
Ekspertin fikrincə, bəzi siyasi dairələr bu termini milli kimlik və tarixi bağlılıq yaratmaq məqsədilə ön plana çıxarmağa çalışırlar. Tarixi terminlərin seçilməsi və onlara yeni siyasi məna verilməsi regionda informasiya mübarizəsinin bir hissəsinə çevrilib. Bu səbəbdən hər bir adın və ifadənin hüquqi statusu, tarixi mənbələri və beynəlxalq səviyyədə işlədilməsi diqqətlə araşdırılmalıdır.
Dosentin sözlərinə görə, tarix boyu müxtəlif xalqlar və dövlətlər arasında adlar, coğrafi terminlər və mədəni irslə bağlı mübahisələr yaşanıb. Əgər biz tarixi faktlara əsasanaraq Rusiyaya “Tartariya” desək, beynəlxalq mühit bunu qəbul edərmi? Bu məsələlərə yanaşarkən elmi mənbələrə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq daha düzgündür.
ELAZ.İNFO onu da bildirir ki, Cənubi Qafqazda tarix, kimlik və ərazi məsələləri ilə bağlı terminologiya uzun illərdir informasiya mübarizəsinin əsas mövzularından biri olaraq qalır və bu sahədə saxtakarlıq (qərəzkarlıq) beynəlxalq qanunlara ziddir.
İlahə BAYINDIR


