ELAZİNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Pentaqona Cənubi Koreya ilə keçirilən birgə hərbi təlimlərin miqyasının əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verib.
Tramp qərarını hərbi təlimlərin ABŞ üçün yaratdığı maliyyə yükü və Seulun İranla bağlı ABŞ-ın həyata keçirdiyi hərbi tədbirlərdə iştirak etməkdən imtina etməsi ilə əlaqələndirib.
ABŞ Prezidenti qərarla bağlı açıqlamanı “Truth Social” platformasında yayıb. O, Vaşinqtonun Cənubi Koreya ilə birgə təlimlər keçirməsindən narazı olduğunu bildirib.
Tramp Kim Çen Inla münasibətlərini vurğulayıb
Donald Tramp açıqlamasında Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu xüsusi qeyd edib.
ABŞ Prezidenti bildirib ki, Pxenyanın rəhbərliyi onun prezidentliyi dövründə ABŞ üçün təhlükə yaratmayıb və Vaşinqtona qarşı hörmətli mövqe nümayiş etdirib. Tramp bu səbəbdən hərbi təlimlərin Şimali Koreyaya qarşı uyğun olmayan mesaj verdiyini düşünür.
ABŞ və Cənubi Koreyanın hər il keçirdiyi “Ulchi Freedom Shield” təlimlərinin avqustun 27-dək davam etməsi planlaşdırılır. Təlimlərdə təxminən 18 min Cənubi Koreya hərbçisinin iştirakı nəzərdə tutulur.
Seuldan Trampın açıqlamasına cavab
Cənubi Koreya Baş Qərargahı təlimlərin planlaşdırıldığı kimi başladığını açıqlayıb.
Ölkənin Prezident Administrasiyası isə Trampın açıqlamasını nəzərdən keçirdiyini bildirib. Seul ABŞ və Şimali Koreya liderləri arasındakı münasibətlərin Koreya yarımadasında sülh və sabitliyə xidmət edən yeni dialoqa imkan yaradacağına ümid etdiyini açıqlayıb.
Cənubi Koreya tərəfi eyni zamanda ABŞ-la müdafiə sahəsində koordinasiyanın davam etdiriləcəyini vurğulayıb.
Seul İran məsələsi ilə bağlı da mövqeyini açıqlayaraq bildirib ki, mümkün hərbi töhfələr Koreya yarımadasındakı müdafiə hazırlığı və ölkənin daxili hüquqi prosedurları nəzərə alınmaqla qiymətləndirilir.
İlahə BAYINDIR


