Təhsildə keyfiyyət və şəffaflıq əsas hədəf kimi müəyyənləşdirildi!

Şirvan-Salyan bölgəsinin təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində növbəti addım atılıb. Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində uğur qazanaraq məsul vəzifəyə təyinat alan yeni məktəb rəhbərlərinə qarşıda duran əsas prioritetlər çatdırılıb.
ELAZ.INFO xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Salyan rayonu üzrə Təhsil Sektorunun inzibati binasında yeni təyin olunmuş məktəb direktorları ilə görüş keçirib. Görüşdə Regional Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, şəhər və rayonlar üzrə təhsil sektorlarının müdirləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Rəşad Musayev yeni təyinat alan direktorları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İdarə müdiri ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi təhsil sahəsinin daim ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. O, respublika üzrə, o cümlədən regionda təhsil müəssisələrinin yenidən tikilməsi, əsaslı təmiri və maddi-texniki bazasının gücləndirilməsinin birbaşa təhsilin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Görüşdə qeyd olunub ki, yaradılan müasir imkanlarla yanaşı, məktəb direktorlarının üzərinə düşən ən mühüm vəzifələr təhsil müəssisələrinin səmərəli idarə olunması, tədrisin keyfiyyətinin yüksəldilməsi və kollektivdə sağlam psixoloji mühitin formalaşdırılmasıdır. Eyni zamanda, müəssisə rəhbərlərinə vətəndaş məmnunluğunun təmin edilməsi, idarəetmədə obyektivlik və şəffaflıq prinsiplərinin qorunması istiqamətində konkret tapşırıq və tövsiyələr verilib.
Daha sonra yeni təyin olunmuş direktorlar gələcək fəaliyyət planları, qarşıya qoyduqları hədəflər və rəhbərlik etdikləri təhsil ocaqlarının inkişaf perspektivləri ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Səmimi və işgüzar şəraitdə keçən görüşdə təhsil sahəsində keyfiyyət göstəricilərinin artırılması ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ruslan MƏMMƏDOV




