İsrail səfirinin ABŞ hərbçiləri ilə bağlı açıqlaması etiraz doğurub

ELAZ.İNFO xəbər verir ki, İsrailin ABŞ-dakı səfiri Yexiel Leyterin amerikalı hərbçilərin Yaxın Şərqdən nə vaxt geri dönə biləcəyi ilə bağlı açıqlaması Vaşinqtonda və beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.
Diplomat noyabrın 19-da “Newsmax” telekanalına müsahibəsində ABŞ hərbçilərinin öz ailələrinin yanına yalnız İran məğlub edildikdən sonra qayıda biləcəyini bildirib. O, bu fikri İranın regiondakı müttəfiq silahlı qruplara dəstəyinin davam etməsi və bunun ABŞ qüvvələri üçün yaratdığı təhlükə ilə bağlı suala cavab verərkən səsləndirib.
Leyterin “İran məğlub edildikdə amerikalı əsgərlər ABŞ-a, ailələrinin yanına qayıda biləcəklər” məzmunlu sözləri ABŞ-da siyasi etirazlara səbəb olub. Tənqidçilər bu açıqlamanı İsrailin Vaşinqtonun Yaxın Şərq siyasətinə təsiri ilə bağlı mübahisələrin fonunda qiymətləndiriblər. İranın xarici işlər naziri Abbas Əraqçi də səfirin sözlərinə istehza ilə münasibət bildirib.
Məsələ ilə bağlı diqqətçəkən məqam ondan ibarətdir ki, Leyter ertəsi gün açıqlamasına aydınlıq gətirməyə məcbur olub. O, sosial şəbəkədə yalnız ABŞ prezidentinin ölkə hərbçilərinin harada yerləşdirilməsi və nə vaxt geri çağırılması barədə qərar vermək səlahiyyətinə malik olduğunu vurğulayıb. Səfir əvvəlki fikirlərinin İran rejiminə münasibətdə şəxsi qiymətləndirməsini əks etdirdiyini bildirib.
Bununla belə, açıqlama ətrafında yaranan mübahisə daha geniş siyasi sualı gündəmə gətirib: ABŞ-ın Yaxın Şərqdəki hərbi qərarları nə dərəcədə öz milli maraqlarına, nə dərəcədə müttəfiqlərinin təhlükəsizlik prioritetlərinə əsaslanır?
Leyterin sözləri İsrailin ABŞ-ın hərbi qərarlarını diktə etdiyi anlamına gəlmir. Belə bir qərar səlahiyyəti İsrail səfirinə deyil, ABŞ-ın siyasi və hərbi rəhbərliyinə məxsusdur. Lakin diplomatın bu cür ifadə işlətməsi iki ölkə arasındakı münasibətlərdə təsir və məsuliyyət bölgüsü barədə müzakirələri yenidən gücləndirib.
İlahə BAYINDIR




