Şuşada təhlükəli an: Avtomobil minaya düşdü, sürücü yaralandı

29.09.2026

ELAZ.İNFO xəbər verir ki, Şuşanın Cəmillər kəndində mina təhlükəsinin hələ də başa çatmadığını göstərən daha bir hadisə baş verib. Avtomobil hərəkətdə olarkən tank əleyhinə minaya düşüb və nəticədə sürücü xəsarət alıb.

Hadisə 28 sentyabrda qeydə alınıb. Məlumata görə, 1979-cu il təvəllüdlü Bakı sakini Bəxtiyar Bayramovun idarə etdiyi avtomobil keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə partlayıcı qurğuya düşüb.

Partlayışdan sonra yaralı Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Tibbi müayinə zamanı onun baş nahiyəsində kəsilmiş yara, döş sümüyündə xətti sınıq, bel fəqərəsində minimal sınıq, müxtəlif sıyrıqlar və sağ qolunda birinci dərəcəli yanıq müəyyənləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə və mina təhlükəsizliyi qurumları vətəndaşlara xəbərdarlıq edərək nişanlanmış təhlükəli zonalara daxil olmamağı və şübhəli əşyalara toxunmamağı tövsiyə edir.

İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri genişlənsə də, bu hadisə mina probleminin hələ də gündəlik təhlükəsizlik məsələlərindən biri olaraq qaldığını göstərir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁17
Teqlər: