Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: Dörd hərbçi həlak olub

13.11.2026

ELAZ.İNFO xəbər verir ki, Türkiyənin şərqində yerləşən Malatya vilayətində hərbi helikopterin qəzaya uğraması faciə ilə nəticələnib. Hadisə nəticəsində helikopterdə olan dörd hərbçi həyatını itirib. Qəza noyabrın 12-də axşam saatlarında Yeşilyurt rayonunun Samanköy yaşayış məntəqəsi ərazisində baş verib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamaya əsasən, qəzaya uğrayan hava gəmisi S-70 tipli hərbi helikopter olub. Nazirlik ilkin məlumatında qəzanın səbəbinin hələ müəyyən edilmədiyini bildirib. Helikopterin qalıqları aşkar edildikdən dərhal sonra ərazidə axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə briqadaları, təcili tibbi yardım avtomobilləri, polis əməkdaşları və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qüvvələri cəlb edilib. Qəza yerində baş verən yanğın operativ müdaxilə nəticəsində söndürülüb. Türkiyə mətbuatının məlumatına görə, alov yaxınlıqdakı yaşayış evinə də keçib, lakin yerdə olan şəxslər arasında itki qeydə alınmayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi daha sonra helikopterdə olan dörd hərbçinin hamısının həlak olduğunu təsdiqləyib. Həlak olanların adları Kara Pilot mayor Erdem Çimen, Kara Pilot mayor Orhun Pınar, baş çavuş Hüseyin Zehir və çavuş Serkan Önder kimi açıqlanıb.

Faciə ilə əlaqədar Türkiyənin müxtəlif dövlət qurumlarının nümayəndələri və rəsmiləri həlak olan hərbçilərin ailələrinə başsağlığı veriblər. Müdafiə Nazirliyi də yaydığı bəyanatda hərbçilərin xatirəsini ehtiramla yad edib və onların ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə səbir diləyib.

Hadisə ilə bağlı Malatya Respublika Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. Araşdırmanın aparılması üçün bir baş prokuror müavini və iki prokuror təyin edilib. İstintaq çərçivəsində qəzanın başvermə səbəbləri, helikopterin texniki vəziyyəti və uçuş zamanı yaranmış mümkün problemlər araşdırılacaq.

Qeyd edək ki, S-70 tipli helikopterlər hərbi və xüsusi təyinatlı əməliyyatlarda, şəxsi heyətin daşınmasında və müxtəlif dəstək missiyalarında istifadə olunur. Hazırda qəzanın texniki nasazlıq, uçuş şəraiti və ya digər amillərlə əlaqəli olub-olmadığı barədə rəsmi yekun nəticə açıqlanmayıb.

Türkiyədə baş verən bu faciə hərbi aviasiyada uçuş təhlükəsizliyi, texniki nəzarət və fövqəladə vəziyyətlərə hazırlıq məsələlərinin əhəmiyyətini bir daha gündəmə gətirib.

İlahə BAYINDIR

👁 150
Teqlər: