Qadın minaaxtaranların həyatından bəhs edən sənədli film Bakıda təqdim olundu

ELAZ.İNFO xəbər verir ki, Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” adlı tammetrajlı sənədli film tamaşaçılara təqdim edilib. Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimi mədəniyyət və incəsənət nümayəndələrini, dövlət rəsmilərini və media mənsublarını bir araya gətirib.
Ekran əsəri işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətinə, xüsusilə bu təhlükəli missiyada çalışan qadınların gündəlik həyatına həsr olunub. Filmin əsas qəhrəmanları qadınlardan ibarət xüsusi minaaxtaran qrupunun üzvləridir.
Sənədli filmdə onların yalnız peşə fəaliyyəti deyil, şəxsi həyatları, ailələri, duyğuları və üzləşdikləri mənəvi çətinliklər də izləyiciyə çatdırılır. Beləliklə, ekran işi mina təhlükəsinin yaratdığı riski göstərməklə yanaşı, bu ağır və məsuliyyətli işi yerinə yetirən qadınların insan talelərinə də diqqət yönəldir.
Filmin rejissoru Fariz Əhmədovdur. Layihənin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ssenari müəllifləri isə Fariz Əhmədov və İsmayıl İmandır. Ekran əsəri Azərbaycan və Polşa yaradıcı qurumlarının birgə istehsalıdır.
“Sükut içində addımlar”ın beynəlxalq festival təcrübəsi də var. Film Krakov Film Festivalında dünya premyerasını keçirib və “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb. Həmçinin Polşa və Rumıniyada keçirilən kino tədbirlərində nümayiş olunaraq beynəlxalq auditoriyanın diqqətini cəlb edib.
Filmin Bakıda təqdimatı Azərbaycan həqiqətlərinin, mina təhlükəsinin və bu sahədə çalışan insanların həyat hekayələrinin sənədli kino vasitəsilə daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyət daşıyır.
Günel GÜNTAC




