Moskvada dəhşətli yanğın: Ana və iki azyaşlı övladı həyatını itirib, 11 nəfər xilas edilib

13.11.2026

Rusiyanın paytaxtı Moskvada baş verən yanğın faciə ilə nəticələnib. Bu barədə Rusiyanın bütün aparıcı saytlarında ətraflı məlumatlar yer alıb.

ELAZ.İNFO xəbər verir ki, noyabrın 12-də şəhərin şərq hissəsində, Altayskaya küçəsində yerləşən yaşayış binasının mənzillərindən birində baş verən yanğın nəticəsində üç nəfər, o cümlədən iki azyaşlı uşaq həyatını itirib.

Rusiya mətbuatının, o cümlədən TASS informasiya agentliyinin yaydığı məlumata görə, yanğın binanın ikinci mərtəbəsində yerləşən mənzildə başlayıb. Mənzildə şəxsi əşyalar və mebel alışaraq yanıb. İlkin məlumatlara əsasən, faciə zamanı həyatını itirənlər qadın və onun iki övladıdır.

Hadisə yerinə Moskva şəhərinin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun söndürülməsinə nail olunub. Xilasetmə əməliyyatı zamanı binadan ümumilikdə 11 nəfər təxliyə edilib. Onlardan beşinin uşaq olduğu bildirilir.

Faciə ilə əlaqədar Moskva şəhər Prokurorluğu hadisənin araşdırılmasını nəzarətə götürüb. Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi isə ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. İstintaq çərçivəsində yanğın-texniki və məhkəmə-tibbi ekspertizalarının keçirilməsi, şahidlərin dindirilməsi və digər zəruri prosessual tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Rusiya KİV-lərinin məlumatına görə, yanğının dəqiq səbəbi hələ müəyyən edilməyib. Müvafiq ekspertizaların nəticələrindən sonra hadisənin hansı şəraitdə baş verdiyinə aydınlıq gətiriləcək.

Moskvada baş verən bu faciə yaşayış binalarında yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, xüsusilə uşaqların və digər həssas qrupların təhlükəsizliyinin təmin edilməsinin nə qədər vacib olduğunu bir daha gündəmə gətirib.

İlahə BAYINDIR

👁 150
Teqlər: