Gülər Hüseynova tarix yazdı – Azərbaycanlı qız boksçu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazandı

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan boksu üçün əlamətdar nəticə qeydə alınıb. Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanaraq bu yarışlarda medal əldə edən ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.
51 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Venesuela təmsilçisi Qrenyellis Qarsiya ilə qarşılaşıb. Gərgin keçən döyüşün yekununda rəqib üstün olub və Gülər Hüseynova yarışı ikinci pillədə başa vurub.
Azərbaycan Milli Olimpiya Komitəsinin məlumatına görə, bu nəticə ölkəmizin Dakar-2026-da qazandığı medalların sayını altıya çatdırıb. Komandamızın digər üzvləri də müxtəlif idman növlərində fəxri kürsüyə yüksəliblər.
Gülər Hüseynovanın uğuru təkcə medal baxımından deyil, qadın boksunun ölkəmizdə inkişafı baxımından da diqqətəlayiqdir. Yeniyetmə idmançının Olimpiya səviyyəli yarışda finala yüksəlməsi gələcək üçün ümidverici nəticə hesab olunur.
Qeyd edək ki, Gülər Hüseynova taekvondoçu Adil Kazımlı ilə birlikdə Oyunların bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı olacaq.
İslam MAHMUDOV




