Nərmin Abdinova Avropa çempionu oldu – Rəqiblərinə ardıcıl səkkiz qələbə ilə qalib gəldi

Azərbaycan şahmatının gənc istedadlarından olan Nərmin Abdinova Avropa çempionatında möhtəşəm nəticəyə imza atıb. Şahmatçımız Yunanıstanın Hersonissos şəhərində keçirilən 8–18 yaşlı idmançılar arasında qitə birinciliyində qızıl medal qazanıb.
18 yaşadək qızların yarışında mübarizə aparan Nərmin VIII turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edib. Bu qələbə onun turnirdə ardıcıl səkkizinci uğuru olub. Beləliklə, şahmatçımız son turun nəticəsini gözləmədən Avropa çempionluğunu təmin edib.
Azərbaycan Şahmat Federasiyasının məlumatına əsasən, Nərmin Abdinova bütün görüşlərini qələbə ilə başa vuraraq rəqibləri üzərində üstünlüyünü nümayiş etdirib.
Bu nəticənin xüsusi əhəmiyyəti var. Belə ki, Azərbaycanın U-18 yaş qrupu üzrə qızlar arasında Avropa çempionatında əvvəlki qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanmışdı.
Nərmin Abdinovanın uğuru ölkəmizdə gənc şahmatçıların yetişdirilməsi istiqamətində görülən işlərin nəticələrindən biri kimi dəyərləndirilə bilər. Gənc idmançının Avropa çempionluğu Azərbaycan şahmatının gələcək nəsli üçün də mühüm motivasiya mənbəyidir.
İslam MAHMUDOV




