Dilarə Kazımova bu dəfə DJ pultu arxasında – Beş məşhur mahnısını yenidən təqdim etdi

13.11.2026

Azərbaycanın Avroviziya təmsilçisi Dilarə Kazımova yaradıcılığında yeni istiqamətə üz tutub. Müğənni repertuarındakı beş mahnını müasir ritmlərlə yenidən işləyərək dinləyicilərə fərqli musiqi layihəsi təqdim edib.

ELAZ.İNFO xəbər verir ki, sənətçinin yeni işi “Remix Set (Medley)” adlanır. Layihəyə “Running”, “PUL”, “Dəli”, “Xarizma” və “Zəng-zəng” kompozisiyaları daxil edilib. Mahnıların yeni versiyaları üzərində DJ Hafex, DJ Vugarixx, DJ N.E.Z və almaniyalı DJ Jojo da çalışıblar.

Layihənin maraqlı tərəflərindən biri odur ki, Dilarə Kazımova bu dəfə yalnız ifaçı kimi deyil, yaradıcı prosesin digər mərhələlərində də iştirak edib. Ekran işinin ideyası müğənninin özünə məxsusdur, klipin rejissorluğunu isə o, “Toxy-Foxy” komandası ilə birlikdə həyata keçirib.

Yeni ekran işində sənətçi DJ obrazında kamera qarşısına keçib. Klip üçün xüsusi məkan, fərqli səhnə geyimləri və vizual həllər seçilib. Müğənninin sözlərinə görə, layihənin məqsədi tanınmış mahnılarını dinləyicilərə başqa musiqi ovqatında təqdim etməkdir.

Beş kompozisiyanı bir araya gətirən layihə artıq rəqəmsal musiqi platformalarında yayımlanıb. Dilarə Kazımovanın bu addımı onun musiqi fəaliyyətində eksperimentlərə açıq olduğunu göstərir.

Günel GÜNTAC

👁 90