Azərbaycan üçün 1,3 milyard dollarlıq imkan: Dünya Bankı Orta Dəhlizin təsirini açıqladı

29.09.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın tranzit imkanları ilə bağlı Dünya Bankının yeni hesabatı ölkənin iqtisadi gündəmində diqqət çəkən rəqəm ortaya çıxarıb.

Bankın hesablamasına görə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – daha çox Orta Dəhliz kimi tanınan xəttin – tam potensialının reallaşdırılması Azərbaycanın ÜDM-inə əlavə 1,84 faiz, yaxud hazırkı qiymətlərlə təxminən 1,3 milyard dollar töhfə verə bilər.

Hesabata əsasən, marşrutun inkişafı Azərbaycanda ümumi məşğulluğu da təxminən 1,5 faiz artıra bilər. Gözlənilən iqtisadi effekt əsasən tranzit yükdaşımalarından gəlirlərin yüksəlməsi, liman və dəmir yolu sektorlarının genişlənməsi, eləcə də Mərkəzi Asiya və Avropa ilə ticarət əlaqələrinin dərinləşməsi hesabına formalaşa bilər.

Lakin Dünya Bankı bunun avtomatik baş verməyəcəyini də vurğulayır. İnfrastrukturun yenilənməsi ilə yanaşı gömrük prosedurlarının sürətləndirilməsi, rəqəmsal logistika sistemlərinin tətbiqi və dövlət nəqliyyat şirkətlərində islahatların davam etdirilməsi tələb olunur.

Bankın daha geniş hesablamasına görə, Orta Dəhlizin iştirakçı ölkələrdə tam potensialının reallaşdırılması 2040-cı ilədək marşrut üzrə ticarəti üç dəfədən çox artıra, ümumi ÜDM-i 3,3 faiz yüksəldə və təxminən 2 milyon əlavə iş yeri yarada bilər.

Azərbaycan üçün isə bu rəqəmlərin arxasında daha böyük məsələ dayanır: ölkənin Asiya ilə Avropa arasında yük axınlarının əsas halqalarından birinə çevrilməsi.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁27