Dünyada şəkər səviyyəsi və bədən çəkisi artır

ELAZ.İNFO xəbər verir ki, mütəxəssislər şəkər səviyyəsi və bədən çəkisi üçün 3 əsas təhlükəyə diqqət çəkir.
Türkiyə İctimai səhiyyə və daxili xəstəliklər üzrə mütəxəssis Dr. M. Emin Dinççağ bildirib ki, dünyada hər 10 nəfərdən biri şəkərli diabetlə, hər 8 nəfərdən biri isə piylənmə ilə yaşayır. O qeyd edib ki, bu problemlərlə mübarizəyə çəkilən xərclərə baxmayaraq, onların yayılma səviyyəsi artmaqda davam edir. Dr. Dinççağ vurğulayıb ki, oturaq həyat tərzi, emal olunmuş qidaların istehlakı və şəkərli içkilərin qəbulu bu artımda mühüm rol oynayır.
“Ümumdünya Diabet Günü” (14 noyabr) münasibətilə fikirlərini bölüşən Dr. M. Emin Dinççağ qeyd edib ki, şəkərli diabet və piylənmə getdikcə daha ciddi qlobal səhiyyə probleminə çevrilib. O bildirib ki, dünya ölkələri hər il Ümumi Daxili Məhsullarının (ÜDM) təxminən 2 faizini şəkərli diabet və piylənmə ilə mübarizəyə xərcləyirlər, lakin bu xəstəliklərin yayılmağa davam etməsi qlobal bir ziddiyyət təşkil edir.
Diabetin qlobal miqyasda çatdığı həcmə diqqət çəkən Dinççağ bunları bildirib: “Bu gün dünyada 2-ci tip diabetlə yaşayan 635 milyon insan var. Bundan azı bir o qədər də diaqnozu qoyulmamış və ya ‘gizli’ diabeti olan şəxs mövcuddur. Söhbət qlobal bir epidemiyadan gedir. Bunlar qeyri-yoluxucu xəstəliklər kateqoriyasına aiddir və ciddi ölüm səbəblərindən biridir. Hər il milyonlarla insan piylənmə, 2-ci tip diabet və bununla əlaqəli vəziyyətlər səbəbindən həyatını itirir”.
Aydan




