Azərbaycanın əsas dəmir yolu xəttinə böyük investisiya: 260 milyon dollar haraya xərclənəcək?

29.09.2026

ELAZ.İNFO xəbər verir ki, Orta Dəhlizin inkişafı ilə bağlı Dünya Bankının hesablamalarında Azərbaycan üçün konkret infrastruktur layihələri də göstərilir.

Bankın qiymətləndirməsinə görə, Bakı–Ələt–Böyük Kəsik dəmir yolu xəttinin davam edən modernləşdirilməsi üçün təxminən 260 milyon dollar tələb olunur. Layihə Azərbaycanın əsas tranzit dəmir yolu xəttində elektrikləşdirmə və siqnalizasiya sistemlərinin yenilənməsini nəzərdə tutur.

Uzunmüddətli perspektivdə isə xəttin buraxılış və yükdaşıma imkanlarının artırılması üçün əlavə 600 milyon dollarlıq investisiya ehtiyacı hesablanır.

Bununla yanaşı, Azərbaycanda quru limanlar şəbəkəsinin yaradılması üçün 300 milyon dollar həcmində investisiya ehtiyacı müəyyənləşdirilib. Bu layihələrin Böyük Kəsik, Bakı və cənub istiqamətində logistika imkanlarının genişləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.

Dünya Bankının hesablamasına əsasən, Azərbaycan 2040-cı ilədək Trans-Xəzər marşrutunun tam imkanlarını açmaq üçün ümumilikdə 1,16 milyard dollar həcmində prioritet investisiyaya ehtiyac duyur.

Bu rəqəmlər göstərir ki, Orta Dəhliz artıq yalnız tranzit marşrutu deyil, Azərbaycan üçün uzunmüddətli infrastruktur və iqtisadi inkişaf layihəsinə çevrilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁12