Şəhərlərdə iqlim fəaliyyətləri müzakirə edilib

Qlobal iqlim dəyişikliyi ilə mübarizədə şəhərlərin rolu və dayanıqlı yaşayış məskənlərinin salınması müasir dünya siyasətinin ən mühüm prioritetlərindən birinə çevrilib. Bu kontekstdə fərqli sektorların bir araya gələrək innovativ həllər və tərəfdaşlıqlar qurması qlobal ekoloji hədəflərə çatmağı sürətləndirir.

ELAZ.İNFO xəbər verir ki, iyunun 21-dən başlayan Nayrobidə BMT-nin İnsan Məskənləri Proqramı (UN-HABITAT) və İqlim və Enerji üzrə Qlobal Merlər Razılaşmasının birgə təşkilatçılığı ilə Innovate4Cities 2026 konfransı keçirilib. “WUF13” çərçivəsində aparılan müzakirələrin davamı olan bu tədbir şəhərlərdə iqlim dəyişikliyinə qarşı fəaliyyətlərin stimullaşdırılmasına xidmət edib.

Hökumət, akademiya, biznes və vətəndaş cəmiyyətindən 1200-dən çox iştirakçının qatıldığı konfransda 128 sessiya, 10-dan çox interaktiv seminar və 4 plenar iclas təşkil olunub. Müzakirələr zamanı daha sıx tərəfdaşlıqlar sayəsində şəhərlərdə iqlim fəaliyyətlərinin sürətləndirilməsi diqqət mərkəzində saxlanılıb.

Tədbir iştirakçıları dayanıqlı mənzil təminatı, çoxsəviyyəli idarəetmə, maliyyələşmə, rəqəmsal innovasiyalar və icma əsaslı həllərin vacibliyini təsdiqləyiblər. Eyni zamanda, elmi biliklərin siyasət hazırlayanlara, investorlara və yerlərdə fəaliyyət göstərən şəxslərə çatdırılmasının önəmi vurğulanıb. Dünya birliyi “COP31” konfransına və “Yeni Şəhər Gündəliyi”nin icrasına doğru irəliləyərkən, şəhərlərdə iqlim fəaliyyətlərinin sürətləndirilməsi üçün bütün idarəetmə səviyyələrinin əməkdaşlıq etməsinin zəruriliyi bir daha bəyan edilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın