Mətn
Şimali Atlantika Alyansının (NATO) şərq cinahının gücləndirilməsi və Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti mühüm hərbi-strateji addım atılıb. Regionda mümkün təhdidlərin qarşısının alınması və müdafiə qabiliyyətinin artırılması məqsədilə yeni komandanlıq strukturu rəsmən fəaliyyətə başlayıb.
ELAZ.İNFO xəbər verir ki, general-leytenant Peter Mirovun komandanlığı altında olan Alman-Niderland korpusu (1GNC) Latviya və Estoniya üçün NATO-nun taktik qərargahını rəsmən təhvil alıb. Valka və Valqa şəhərlərində keçirilən rəsmi mərasimdə yüksək rütbəli hərbi və siyasi rəsmilər iştirak ediblər.
Təntənəli mərasimdə Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius, Almaniyanın müdafiə naziri Boris Pistorius, Latviyanın müdafiə naziri Rayvis Melnis və Estoniyanın müdafiə naziri Hanno Pevkur çıxış edərək bu addımın region üçün əhəmiyyətini vurğulayıblar.
Məlumata görə, Alman-Niderland korpusu (1GNC) NATO-nun və milli quru qoşunlarının bölmələrinin komandanlığına və idarə olunmasına nəzarət edəcək. Bu yeni hərbi struktur regionda ümumi təhlükəsizliyi, müttəfiqlər arası əməkdaşlığı və potensial təhdidlərə qarşı çəkindirmə gücünü əhəmiyyətli dərəcədə gücləndirəcək.
Ruslan MƏMMƏDOV


