Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi Publik Hüquqi Şəxsində (PHŞ) tələbələrin gələcək peşəkar fəaliyyətə hazırlanması məqsədilə təşkil olunan istehsalat təcrübəsi uğurla davam etdirilir. Müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirən təhsil müəssisəsində tələbələr real iş mühiti ilə yaxından tanış olmaq imkanı qazanırlar.
ELAZ.İNFO xəbər verir ki, təcrübə prosesinə müvafiq texniki ixtisaslar üzrə təhsil alan gənclər cəlb olunublar. Təcrübə müddətində tələbələrin peşəkar inkişafı üçün təhsil müəssisəsinin rəhbərliyi və mühəndis-pedaqoji heyəti tərəfindən ciddi dəstək nümayiş olunur: İstehsalat təlimi ustaları təcrübə zamanı gənclərin yanından ayrılmır, onlara hər bir texniki detalın sirlərini əyani şəkildə nümayiş etdirirlər. Tələbələr ustaların zəngin təcrübəsindən bəhrələnərək cihazlarla işləməyin təhlükəsizlik qaydalarını və incəliklərini öyrənirlər.

Liseyin rəhbərliyi, xüsusən direktor təcrübə prosesini şəxsən nəzarətdə saxlayır. Tələbələrlə mütəmadi olaraq keçirilən görüş və söhbətlərdə onların rəyləri dinlənilir, gələcək karyera hədəfləri müzakirə olunur və gənclərə peşəkar motivasiya verilir. Hazırda liseydə iki mühüm və gələcək vəd edən ixtisas üzrə təcrübə aparılır: “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” “Sistem và şəbəkə xidməti üzrə texnik”
Xüsusilə vurğulamaq lazımdır ki, rəqəmsallaşan dünyamızda sistem və şəbəkə xidməti ixtisası müasir dövrün ən strateji sahələrindən birinə çevrilib. İnformasiya texnologiyalarının (İT), internet şəbəkələrinin və avtomatlaşdırılmış sistemlərin sürətlə inkişaf etdiyi indiki dövrdə bu sahənin mütəxəssislərinə bütün dövlət və özəl müəssisələrdə böyük tələbat var. Salyan Peşə Liseyinin tələbələri bu texnologiyaları dərindən mənimsəməklə gələcəyin rəqəmsal infrastrukturunu quracaq kadrlar kimi yetişirlər.
Peşə təhsilində istehsalat təcrübəsinin bu formada yüksək səviyyədə təşkili tələbələrin məzun olduqdan sonra iş tapmaq imkanlarını genişləndirir və onların regional sənaye sahələrində rəqabətə davamlı mütəxəssis olmasına zəmin yaradır.
Ruslan MƏMMƏDOV
