“Sağlam Gənclik – Narkotiksiz Gələcək”!

25.11.2026

Yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam həyat tərzinə və idmana təşviq edilməsi istiqamətində regionda maarifləndirici tədbirlər davam etdirilir. Şirvan şəhərində aidiyyəti dövlət qurumlarının birgə təşkilatçılığı ilə şagirdlərlə növbəti mühüm görüş keçirilib.

ELAZ.INFO xəbər verir ki, 2026-cı il noyabrın 25-də Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi, Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Polis Şöbəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə A.Hüseynzadə adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində “Sağlam Gənclik – Narkotiksiz Gələcək” mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbirin əsas məqsədi gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, narkomaniyanın ağır fəsadları barədə məlumatlandırılması və zərərli vərdişlərdən uzaq durmalarının təmin olunmasıdır.

Seminarda çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun müdiri Samit Həsənov, Şirvan Şəhər Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun rəisi Nicat Şükürov və Şirvan Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rəfael Nəsirov narkotik vasitələrin insan sağlamlığına, ailə münasibətlərinə və bütövlükdə cəmiyyətə vurduğu sağalmaz zərərlər barədə ətraflı məlumat veriblər. Çıxışlarda narkomaniyanın təkcə fərdi sağlamlıq problemi deyil, həm də cəmiyyətin sosial inkişafına mənfi təsir göstərən ciddi təhlükə olduğu xüsusi vurğulanıb.

Görüş zamanı şagirdlərə sağlam həyat tərzinin əhəmiyyəti, asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmağın faydaları və düzgün həyat seçimlərinin edilməsinin vacibliyi çatdırılıb. Bildirilib ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işlərinin gücləndirilməsi, ailə, təhsil müəssisələri və ictimaiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirin sonunda narkomaniyanın mənfi fəsadlarını özündə əks etdirən qısa maarifləndirici videoçarx nümayiş olunub.

Ruslan MƏMMƏDOV

👁 160