“Dövlət qurumu heç kimin ailə müəssisəsi, dostlar klubu deyil!”

25.11.2026

Milli Məclisdə maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müzakirə olunan qanun layihəsi ətrafında diqqətçəkən fikirlər səsləndirilib. Deputat Razi Nurullayev parlament tribunasından cəmiyyətdə narahatlıq doğuran qohumbazlıq, yerlibazlıq və kadr siyasətindəki neqativ hallarla bağlı sərt tənqidi mövqeyini ortaya qoyub.

ELAZ.INFO xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev parlamentdəki çıxışı zamanı müzakirə edilən qanun layihəsinin cəmiyyətin ən ağrılı problemlərindən birinə həsr olunduğunu bildirib.

Deputat Razi Nurullayev çıxışında qeyd edib ki, hüquq dilində “maraqlar toqquşması” adlandırılan bu problem xalq arasında qohumbazlıq, dostbazlıq, yerlibazlıq və “adamı olmaq” kimi ifadə olunur:

“Bizdə bəzən bir nəfərin vəzifəyə təyin olunması onun bütün ətrafının karyera yüksəlişinin başlanğıcına çevrilir. Qohumlar, dostlar, tanışlar irəli çəkilir, illərlə həmin qurumda çalışan peşəkar insanlar isə gözümçıxdıya salınır, sıxışdırılır, hətta işdən getməyə məcbur edilir. Bir insanın vəzifəyə gəlməsi niyə başqa onlarla insanın karyerasının sonu olmalıdır? Dövlət qurumu rəhbər dəyişdikcə niyə öz peşəkar kadrlarını itirməlidir?” Millət vəkili Razi Nurullayev vurğulayıb ki, məsələ məmurun qohumunun işləmək hüququnu məhdudlaşdırmaq deyil, həmin şəxsin vəzifəyə öz biliyi və bacarığı ilə, yoxsa qohumunun səlahiyyətləri hesabına gəlməsidir: “Bu qanun həm də cəmiyyətdə geniş yayılmış ‘Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən’ düşüncəsini dəyişməyə xidmət etməlidir. Valideyn övladına yaxşı təhsil vermək barədə düşündüyü qədər onu işə düzəlmək üçün adam axtarmaq barədə də düşünməməlidir. Gənc öz diplomuna, biliyinə və zəhmətinə inanmalıdır, atasının telefon kitabçasına yox.”

Qohumbazlığın iqtisadi ziyanla yanaşı, ağır mənəvi və psixoloji fəsadlar yaratdığını bildirən deputat diqqətə çatdırıb ki, haqqı tapdalanan insanın dövlətə, ədalətə və gələcəyinə inamı azalır, bacarıqlı kadrlar həvəsdən düşür, bacarıqsızlar isə himayədar axtarmağı uğur yolu hesab edirlər. O, eyni zamanda maraqlar toqquşmasının digər tərəfinə də toxunub: “Maraqlar toqquşması yalnız kiməsə qanunsuz üstünlük vermək deyil, şəxsi münasibətlərə görə kimisə qanuni imkanlardan məhrum etməkdir. Məmurun xoşlamadığı, onu tənqid edən, onunla şəxsi münasibətləri yaxşı olmayan insanın hüquqları da eyni dərəcədə qorunmalıdır. Dövlət məmuru öz dostuna da, öz rəqibinə də eyni qanunla yanaşmağı bacarmalıdır.” Çıxışının sonunda Razi Nurullayev qanun qəbul etməklə yanaşı, idarəçilik fəlsəfəsinin də dəyişməsinin vacibliyini qeyd edib və layihənin lehinə səs verəcəyini açıqlayıb:

“Vəzifəyə təyin olunan şəxs anlamalıdır ki, ona qohumlarının, dost-tanışlarının güzəranını yaxşılaşdırmaq deyil, xalqın problemlərini həll etmək üçün səlahiyyət verilib. Dövlət qurumu heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil. Bu qanunun nəticəsini o zaman görəcəyik ki, vətəndaş işə düzəlmək, vəzifədə yüksəlmək, sahibkarlıqla məşğul olmaq və öz haqqını almaq üçün daha qapı-qapı düşüb adam axtarmayacaq. Ədalətli dövlətdə insanın ən böyük dayağı onun qohumu deyil, qanun olmalıdır. Qanun layihəsini dəstəkləyirəm, lehinə də səs verəcəm.”

Ruslan MƏMMƏDOV

👁 180