Moskva və Minskdən ortaq xarici siyasət həmləsi

25.11.2026

Rusiya və Belarus arasında İttifaq Dövləti çərçivəsində xarici siyasət koordinasiyası yeni mərhələyə qədəm qoyur. İki ölkənin xarici işlər nazirləri Qomel şəhərində bir araya gələrək qarşıdakı üç il üçün razılaşdırılmış fəaliyyət proqramını rəsmiləşdirib və beynəlxalq platformalarda birgə mövqedən çıxış etmək barədə razılığa gəliblər.

ELAZ.INFO xəbər verir Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Belarus Respublikasının Qomel şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində o, Rusiya və Belarus Xarici İşlər Nazirliklərinin kollegiyalarının illik birgə iclasında iştirak edib və belaruslu həmkarı Maksim Rıjenkov ilə görüş keçirib.

Danışıqlar zamanı nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, o cümlədən İttifaq Dövləti quruculuğunun diplomatik müşayiətini müzakirə edib, beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər sıx xarici siyasət koordinasiyasının davam etdirilməsi, çoxtərəfli platformalarda qarşılıqlı dəstək və dünya arenasında ümumi maraqların birgə təşviqi barədə razılığa gəliblər.

Kollegiyaların birgə iclasının gündəliyinə 2024–2026-cı illər üzrə razılaşdırılmış xarici siyasət fəaliyyəti Proqramının icrası və 2027–2029-cu illər üçün yeni Proqramın qəbulu, BMT və onun təsisatları çərçivəsində qarşılıqlı fəaliyyət, regionlararası və sərhədyanı əlaqələrə diplomatik dəstək, eləcə də böhranlı və fövqəladə hallarda qarşılıqlı yardım məsələləri daxil edilib.

İclasın yekununda əldə olunan razılaşmaları əks etdirən Kollegiyaların Qərarı, 2027-ci il üçün nazirliklərarası məsləhətləşmələr Planı qəbul olunub, həmçinin İttifaq Dövlətinin Ali Dövlət Şurasının təsdiqinə təqdim ediləcək 2027–2029-cu illər üzrə xarici siyasət sahəsində razılaşdırılmış fəaliyyət Proqramı imzalanıb. Səfər çərçivəsində Sergey Lavrov Qomel Vilayət İcraiyyə Komitəsinin sədri İvan Krupko ilə də görüşərək regionlararası əməkdaşlığı müzakirə edib və Qomeldə açılacaq Rusiya Səfirliyinin bölməsi üçün binaların seçilməsində göstərilən köməyə görə təşəkkürünü bildirib.

Bundan başqa, Rusiya XİN rəhbəri Böyük Vətən müharibəsi illərində Qomel torpağının müdafiəçilərinin xatirəsinə ucaldılmış Əbədi məşəl önünə, Üsyan meydanındakı Memorial kompleksin obyektlərinə və 2025-ci ildə Rusiya Hərbi-Tarix Cəmiyyətinin dəstəyi ilə ucaldılmış marşal Konstantin Rokossovskinin abidəsinə gül dəstələri qoyub. Nazir həmçinin Rusiya imperiyasının xarici işlər naziri və kansleri Nikolay Rumyantsevin büstünün açılış mərasimində iştirak edib, Qomel Dövlət Universitetində keçirilən Rusiya–Belarus elmi forumunun iştirakçılarına təbrik müraciəti ünvanlayıb. Rusiya və Belarus XİN kollegiyalarının növbəti birgə iclası 2027-ci ilin IV rübündə Rusiya Federasiyasında keçiriləcək.

Ruslan MƏMMƏDOV

👁 250