Rəsul Mirhəşimli: -“Əndişə anlaşılandır, şəhidlik məktəbindən öyrənmək təkcə müqəddəs amal uğruna canından keçmək deyil”

-“Uşaqların Aşura mərasimləri zamanı məscidlərə getməsinin onların psixologiyasında travma yaratdığı barədə böyük “elmi kəşflər” ortaya çıxıb. Elə bir təsəvvür yaradılır ki, guya uşaq məscidə daxil olan kimi bütün psixoloji inkişafı təhlükə altına düşür. Maraqlıdır ki, həmin həssaslıq nümayiş etdirən şəxslər uşaqların cadugər, şeytan, skelet və zombilər kimi geyinərək, “Cadılar bayramı”nda iştirak etməsi barədə nədənsə eyni narahatlığı keçirmirlər”.

Aşura mərasimləri ilə bağlı ELAZ.İNFO-ya danışan jurnalist Rəsul Mirhəşimli fikrinə davam edərək bildirir ki, “Məsciddə mərsiyə eşitmək travmadır, amma ölüm və qorxu obrazlarının əyləncə formasında təqdim olunması müasirlikdir. Dini mərasimdə şəhidlik, fədakarlıq və haqq uğrunda mübarizə haqqında danışmaq uşağın psixologiyasını zədələyir, amma qapı-qapı gəzib şeytan maskası ilə şəkil çəkdirmək onun inkişafına müsbət təsir göstərir.

Görünür, məsələ uşaqların psixologiyası deyil. Çünki əgər həqiqətən psixologiya qayğısı olsaydı, yanaşma hər yerdə eyni olardı. Problem ondadır ki, bəziləri üçün dini məkanlar və dini dəyərlər xüsusi həssaslıq mövzusudur, Qərbdən gələn istənilən mədəni trend isə avtomatik olaraq “normal” və “yenilikçilik” elan edilir”.

R.Mirhəşimli qeyd edir ki, “Uşaqların psixologiyasını qorumaq istəyirsinizsə, buyurun, qoruyun. Amma bunu ayrı-seçkiliklə etməyin. Eyni ölçünü hər kəsə tətbiq edin. Yoxsa ortaya belə bir mənzərə çıxır: məscid “travma mərkəzi”, zombi festivalı isə uşaq “inkişafının təhsil bazası”dır.

Aşura məktəbinin dərslərindən öyrənmiş Mübariz İbrahimov Vətəni sevməyin imandan gəldiyini canını Azərbaycanın bütövlüyü uğrunda fəda etməklə sübut etdi, şəhidlik mərtəbəsinə yüksəldi və Milli Qəhrəmanımız oldu”.

Jurnalist onu da bildirir ki, “Əndişə anlaşılandır, şəhidlik məktəbindən öyrənmək təkcə müqəddəs amal uğruna canından keçmək deyil, həm də ədalətsizliyə, haqsızlığa, qul təfəkkürünə qarşı dözümsüz olmaqdır”.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın