Radarlar məhv edildikcə, qalliuma tələbat da artır

İran müharibənin ilk həftəsində ABŞ-ın Qətərin Əl-Udeid aviabazasında yerləşdirdiyi AN/FPS-132 üfüqarxası radarını məhv etdi. Onun tikintisi 6-7 il çəkmiş və 2013-cü ildə başa çatmışdı. Bu tip radarların hazırlanmasında böyük həcmdə qallium istifadə olunur. Radarlar məhv edildikcə, qalliuma tələbat da artır.

ELAZ.İNFO xəbər verir ki, qalliumun dünyada məlum ehtiyatlarının 68%-i Çində yerləşir. Dünya üzrə qallium istehsalının 99%-nə Çin nəzarət edir. Baydenin Çinə çip satışına embarqo qoyması müqabilində Çin hələ 2024-cü ilin dekabrında ABŞ-a qallium (Ga), germanium (Ge) və sürmə (Sb) satışına embarqo qoymuşdu. Qalliumsuz ABŞ-ın yüksək texnologiya istehsal edən hərbi sənayesi işləyə bilməz. Onlar qalliumu 3-cü ölkələrdən 3-4 qat baha qiymətə almağa başladılar.

ABŞ Tayvana silah satışı üzrə yeni müqaviləsini bəyan etdikdən sonra 9 oktyabr 2025-ci il tarixindən Çin nadir metallar üzrə ixrac qaydalarını daha da sərtləşdirdi. Yeni qaydalara görə, tərkibində hətta minimum miqdarda (0,1%) Çin mənşəli nadir metal olan və ya Çin texnologiyası ilə xarici ölkədə istehsal edilən məhsulların da təkrar ixracı üçün Pekindən lisenziya alınması məcburidir. Bu qaydalar sayəsində Çin ABŞ-ın 3-cü ölkələrdən lap yüz dəfə baha olsa belə Çin mənşəli nadir metal almasının yolunu bağladı.

ABŞ-da nadir metallar üzrə ehtiyatlar tam tükənmək üzrədir, 3-cü ölkələrdən də almaq mümkün deyil. Məsələnin həll edilməsi üçün Bessent Van İ ilə bir neçə dəfə görüşüb – xeyri olmayıb. Problemi həll etmək üçün Tramp ötən ilin sonuna yaxın (30 oktyabrda) Pusanda (C.Koreya) Si ilə görüşdü – yenə xeyri olmadı. Nəhayət, bu il 13-15 mayda Tramp Çinə rəsmi səfər etdi – bu dəfə də Çin ABŞ üçün istisna etmədi.

Beləliklə, ABŞ-ın itirdiyi bütün radarları əvəz etmək və ya başqa (məsələn, “Qızıl qübbə”) layihələr üzrə yeni radarlar tikmək üçün kifayət qədər qallium ehtiyatı yoxdur. Onlar qalliumu bir neçə il ərzində Çindən hissə-hissə idxal edirdilər, lakin Çin indi düşmənini gücləndirmək istəmir, eyni zamanda öz radar sistemlərinin inkişafına böyük həcmdə qallium yönəldir.

Çinin nadir metallar üzrə ixrac siyasəti dəyişməzsə (yəqin ki, dəyişməyəcək), ABŞ Yaxın Şərqdə kəşfiyyat və xəbərdarlıq radarlarını uzun illər bərpa edə bilməyəcək, həmçinin dünyanın başqa regionlarında da kəşfiyyat imkanlarının məhdudlaşması ilə üzləşəcək. Deməli, ABŞ-ın daha da aqressivləşməsinin şahidi olacağıq.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın