Qubadlı: Qədim qalaların və daş körpülərin yaddaşı

11.06.2026

ELAZ.İNFO 

Qubadlıya aparan yolların hər biri insanı təkcə gözəl təbiət mənzərələrinə deyil, həm də qədim tarixin izlərinə aparır. Həkəri və Bərgüşad çaylarının əhatəsində yerləşən bu qədim-qayım türk diyarının qalaları, yaşayış yerləri, körpüləri və dini abidələri əsrlər boyu burada formalaşmış həyatın canlı nişanələridir.

Qubadlıya nəzər salanda ilk olaraq onun gözəl təbiəti, Həkəri və Bərgüşad çaylarının yaratdığı mənzərələr yada düşmür. Buradakı qədim qalalar, arxeoloji abidələr, daş körpülər və tarixi yaşayış yerləri Qubadlının əsrlər boyu formalaşmış zəngin keçmişindən xəbər verir.

Rayonun tarixi irsini əks etdirən abidələrdən biri Əliquluuşağı kəndində yerləşən Koroğlu qalaçasıdır. Son Tunc – İlk Dəmir dövrünə aid edilən bu arxeoloji abidə Qubadlı ərazisində qədim dövrlərdən yaşayışın və müdafiə məskənlərinin mövcudluğunu göstərən nümunələrdəndir. Əliquluuşağı kəndindəki Qalaça və Göy qala da bölgənin qədim tarixini öyrənmək baxımından maraq doğurur. Muradxanlı kəndində yerləşən Maltəpəsi abidəsi isə Qubadlının arxeoloji irsinin digər nümunələrindəndir.

Qubadlının tarixi mənzərəsində daş körpülərin də xüsusi yeri var. Əliquluuşağı kəndində yerləşən Laləzar körpüsü XIX əsr Azərbaycan körpü memarlığının diqqətəlayiq nümunələrindən hesab olunur. 1867-ci ildə inşa edildiyi bildirilən körpü yerli daşdan tikilmiş tağlı quruluşu ilə seçilir. Vaxtilə bu cür körpülər çayların üzərindən keçidi asanlaşdırır, kəndlər və yaşayış məntəqələri arasında əlaqəni təmin edirdi. Onlar insanların gündəlik həyatında və bölgənin təsərrüfat əlaqələrində mühüm rol oynayırdı.

Qubadlının tarixi irsi yalnız qala və körpülərdən ibarət deyil. Rayonun müxtəlif ərazilərində qədim yaşayış yerləri, qəbiristanlıqlar, mağaralar və digər arxeoloji nümunələr mövcuddur. Bu abidələrin hər biri bölgənin keçmişi, burada yaşamış insanların məişəti, məşğuliyyəti və həyat tərzi haqqında müəyyən məlumatlar verir. Onların araşdırılması və sənədləşdirilməsi Qubadlının tarixinin daha dolğun öyrənilməsi üçün vacibdir.

1993-cü ildə işğal edilən Qubadlı uzun illər ərzində ciddi dağıntılara və talana məruz qalıb. Yaşayış evləri, ictimai binalar və tarixi-mədəni irs nümunələri zərər görüb, rayon sakinləri doğma yurdlarından didərgin düşüblər. İşğal dövründə abidələrin bir hissəsi baxımsız qalıb, onların qorunması və gələcək nəsillərə çatdırılması imkanları məhdudlaşıb.

Bu gün Qubadlıda aparılan quruculuq və bərpa işləri rayonun həyatında yeni mərhələnin başlanğıcıdır. İnfrastrukturun yenilənməsi, yaşayış məntəqələrinin bərpası və keçmiş sakinlərin doğma yurda qayıdışı ilə yanaşı, tarixi irsin qorunması da xüsusi əhəmiyyət daşıyır. Çünki yurdun bərpası onun tarixinin və mədəni yaddaşının yaşadılması ilə tamamlanır.

Qubadlının qədim qalaları, daş körpüləri və arxeoloji abidələri bu torpağın keçmişindən günümüzə gəlib çatan qiymətli yadigarlardır. Onların öyrənilməsi, qorunması və tanıdılması rayonun tarixinin gələcək nəsillərə çatdırılması deməkdir. Qubadlı yenidən qurularkən onun əsrlərin sınağından keçmiş mədəni irsi də bu dirçəlişin ayrılmaz hissəsi olmalıdır.

İlahə BAYINDIR– Tədqiqatçı

“Ziyalı Ocağı” İctimai Birliyinin sədri

👁 250