Qeydiyyat problemi ilə bağlı çağırış: “Müasir, rəqəmsal və çevik mexanizm yaradılmalıdır”

Azərbaycanda vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı məsələsi və bununla bağlı yaşanan çətinliklər növbəti dəfə parlament müstəvisində gündəmə gətirilib. Xüsusilə keçmişdə polis qeydiyyatında olan şəxslərin statusu və kirayədə yaşayanların üzləşdiyi problemlər həm sosial, həm də hüquqi baxımdan ciddi müzakirə mövzusudur.

ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev rəsmi qeydiyyat sistemində islahatların aparılmasının vacibliyini vurğulayıb. Deputat bildirib ki, polis qeydiyyatında olan şəxslərin bir neçə il öncə həmin ünvanlardan çıxarılması təkcə hüquq-mühafizə orqanlarını deyil, ilk növbədə vətəndaşları narahat edən ciddi sosial və hüquqi problemə çevrilib.

R.Nurullayevin sözlərinə görə, bir çox vətəndaş faktiki olaraq bir ünvanda yaşasa da, rəsmi qeydiyyatı tamamilə başqa yerdə qalır. Bəzi hallarda isə insanlar evlərini satdıqları və ya uzun müddət kirayədə yaşadıqları üçün ümumiyyətlə heç bir yerdə qeydiyyata düşə bilmirlər. Bu qeydiyyatsızlıq problemi isə zəncirvari şəkildə digər sahələrə də mənfi təsir göstərir; uşaqların məktəbə qəbulu, poliklinikalarda tibbi qeydiyyat, sosial müavinətlərdən və digər mühüm dövlət xidmətlərindən istifadə zamanı vətəndaşlar ciddi maneələrlə qarşılaşırlar.

Millət vəkili qeyd edib ki, mövcud vəziyyət dövlət orqanları üçün də arzuolunan deyil. Çünki hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti, məhkəmə və icra sənədlərinin ünvan sahibinə vaxtında çatdırılması, habelə fövqəladə hallarda vətəndaşlarla dərhal əlaqə saxlanılması üçün faktiki yaşayış ünvanının dəqiq məlum olması strateji əhəmiyyət daşıyır.

Çıxış yolu kimi keçmiş sovet qeydiyyat sisteminə qayıtmağı deyil, tamamilə yeni və rəqəmsal mexanizmin qurulmasını təklif edən deputat bildirib: “Müasir, rəqəmsal və çevik qeydiyyat mexanizmi yaradılmalıdır. Vətəndaş faktiki yaşadığı ünvanı elektron qaydada dövlət informasiya sisteminə bəyan edə bilməli, kirayədə yaşayan şəxslər də sadələşdirilmiş prosedurla həmin ünvanda müvəqqəti qeydiyyata düşə bilməlidirlər”. O, bir çox Avropa ölkələrində məhz bu cür elektron bəyanetmə sisteminin uğurla tətbiq edildiyini, bunun həm vətəndaşın hüquqlarını qoruduğunu, həm də dövlətin işini asanlaşdırdığını diqqətə çatdırıb.

Sonda Razi Nurullayev Azərbaycanda bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac olduğunu deyib. Əsas məqsədin vətəndaş məmnunluğunu təmin etmək, əlavə bürokratik maneələri aradan qaldırmaq və dövlətin aktual məlumat bazasına malik olmasını reallaşdırmaq olduğunu bildirən deputat, bu islahatın həm sosial xidmətlərin keyfiyyətini artıracağını, həm də təhlükəsizlik sahəsində daha effektiv nəticələr verəcəyini vurğulayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın