Qətl izləri olan qədim qadın baş geyimi aşkar edilib – Dəhşətli tarixi tapıntı

Qafqazın qədim tarixi və arxeologiyası ilə bağlı İnquşetiyada sensasiyalı və dramatik bir tapıntı aşkar olunub. Qədim qala kompleksində aparılan qazıntılar zamanı tapılan materiallar yüz illər əvvəl yaşamış gənc bir qızın faciəvi ölümündən xəbər verir.

ELAZ.İNFO xəbər verir ki, İnquşetiya Respublikasının dağlıq hissəsində yerləşən “Gireti” qüllə kompleksində aparılan arxeoloji qazıntılar zamanı arxeoloqlar üzərində qətl izləri olan qədim milli qadın baş geyimi – kurxars aşkar ediblər. Bu barədə region hökumətinin mətbuat xidməti məlumat yayıb. İnquşetiya hökumətinin rəsmi açıqlamasında hadisənin detalları belə təsvir olunur:

“Qazıntılar zamanı ‘İrs’ (Naslediye) bənna-restavratorlar məktəbinin komandası iki ədəd nadir inquş kurxarsı (ənənəvi inquş qadın baş geyimi) tapıb. Onlardan birinin üzərində iki paralel deşik və qan izləri aşkar edilib. Restavrator Xulimat Bekovanın sözlərinə görə, zədələrin xarakteri gənc qızın nizə ilə öldürüldüyünü sübut edir. Zərbə yuxarıdan aşağıya doğru endirilib, nizə qızın kəllə sümüyünü dəlib keçib, axan qan isə baş geyiminin bütün elementlərinə hopub”.

Bu nadir tapıntı, dağlıq İnquşetiyadakı “Gireti” kompleksindən tapılaraq bərpa olunan birinci qrup əşyaların bir hissəsidir. Mütəxəssislər qeyd edirlər ki, tapılan 40 ədəd orta əsrlər tekstil (parça) fraqmenti arasında bu kurxars öz sahibinin faciəvi taleyini tam çılpaqlığı ilə göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir. Artıq bütün tapıntılar T. X. Malsaqov adına İnquşetiya Dövlət Diyarşünaslıq Muzeyinə təhvil verilib. Hökumətdən verilən əlavə məlumatda bildirilir ki, mütəxəssislər tapıntının tam restavrasiya (bərpa) olunmasından imtina ediblər. Elm adamları parça və geyimin strukturunu qorumaqla yanaşı, həm də gənc qızın dramatik ölüm şəraitinə dair maddi sübutları saxlayıb gələcək nəsillərə ötürmək üçün eksponatı sadəcə konservasiya etmək qərarına gəliblər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın