Rusiya hokkeyinin tanınmış hücumçularından biri olan Zaxar Bardakov Şimali Amerika karyerasını tamamilə bitirmədiyini və dünyanın ən nüfuzlu hokkey liqasına yenidən dönmək istədiyini bəyan edib. İdmançının Sankt-Peterburqun SKA klubu ilə uzunmüddətli yox, cəmi birillik müqavilə imzalamasının pərdəarxası məqamları üzə çıxıb.
ELAZ.İNFO xəbər verir ki, rusiyalı hücumçu Zaxar Bardakov gələcəkdə yenidən Milli Hokkey Liqasında (NHL) çıxış etmək niyyətində olduğunu bildirib. Hokkeyçi bu barədə Rusiyanın “Sport-Express” nəşrinə verdiyi müsahibədə danışıb. NHL-dəki təcrübəsinin ona böyük stimul verdiyini deyən Bardakov qərarını belə əsaslandırıb:
“Mən ora qayıtmaq istəyirəm. İndi mən orada hər şeyin necə qurulduğunu çox yaxşı başa düşürəm. Bu liqa səni hər gün daha yaxşı olmağa məcbur edir. Sən daim öz üzərindəi işləyirsən və güclü bir oyunçu olduğunu dərk edirsən. Məhz bu səbəbdən SKA ilə müqavilə cəmi bir illik imzalanıb. Mövsüm bitdikdən sonra mütləq şəkildə NHL-ə qayıtmaq variantlarını nəzərdən keçirəcəyəm”.
Zaxar Bardakov ötən mövsümü NHL-in güclü klublarından olan “Kolorado” (Colorado Avalanche) heyətində keçirib. O, müntəzəm çempionatda meydana çıxdığı 60 matçda 10 xal (1 qol + 9 məhsuldar ötürmə) toplamağı bacarıb. Lakin oyunçu Stenli Kubokunun pley-off mərhələsində heç bir qarşılaşmada şans qazanmayıb. Şimali Amerika klubu ilə cəmi birillik müqaviləsi bitdikdən sonra vətənə dönən Bardakov NHL-ə qədər də SKA-nın şərəfini qoruyub. O, həmçinin 2018-2021-ci illər aralığında Moskva ətrafının “Vityaz” komandasında da çıxış edib.
Ruslan MƏMMƏDOV


