Prezident İlham Əliyev Xocalıda “Qarabağ Tekstil Evi”nin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılış mərasimində iştirak edib.

ELAZ.INFO xəbər verir ki, dövlətimizin başçısına yeni yaradılan müəssisənin fəaliyyət istiqamətləri və gələcək planları barədə ətraflı məlumat verilib. Bildirilib ki, müəssisədə hazırda 85 nəfər daimi iş yeri ilə təmin edilib. İşlə təmin olunan şəxslər əsasən işğaldan azad edilmiş doğma torpaqlarına qayıdan və ətraf rayonlarda məskunlaşan yerli vətəndaşlardır.

Bununla yanaşı, Xocalı və Ağdam rayonlarından olan 40 sakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə 2 aylıq xüsusi peşə təliminə cəlb olunacaq. Bu təlim proqramını uğurla başa vuran iştirakçıların hər biri müəssisədə işlə təmin ediləcəklər. Müəssisənin gələcək hədəfləri də olduqca genişdir. Belə ki, növbəti mərhələlərdə iş yerlərinin sayının artırılaraq 200-ə çatdırılması və əlavə olaraq geyim istehsalı sahəsinin təşkili planlaşdırılır. “Qarabağ Tekstil Evi” MMC-nin Xankəndi şəhərində fəaliyyət göstərən digər tikiş fabrikində də hazırda 60 nəfər yerli sakin çalışır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın